Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-331/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkar, Borclu-ərizəçi X4 iştirakları ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcu 50 manat ödəməklə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu - ərizəçi Z.O.İsmayılova ərizəni müdafiə edərək izahatında bildirdi ki, maddi vəziyyətləri ağırdır, həm özü, həm qardaşı işsizdirlər, bunu tələbkar da bilir, amma başa düşmür, yenə də onlardan borcun tam olaraq birdəfəyə ödənilməsini istəyirlər, qətnamə ilə 1581 manat borc olmuş, onun 300 manatı ödənilmişdir, hazırda 1200 manat borc qalıb, həmin borcu ayda 50 manat olmaqla ödəmək istəyir, qətnamə ilə müəyyən olunan məbləğ də çoxdur, bundan şikayətlər də vermişdir, amma 2000 manatdan az olduğundan işə Ali Məhkəmədə baxılmamışdır, borcun ödənilməsi üçün rekvizit tələb olunmuşdur, lakin verilməmişdir, işsizliklərinin nəzərə alınmasını, borcun hissə-hissə ödənilməsini istəyir. Sonda Z.O.İsmayılova ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ildən bu vaxta kimi borc ödənilmir, əgər ödəmək istəsə idilər, ödəyərdilər. Sonda Tələbkar ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Xətai rayon icra şöbəsinin icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-502/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X6 və X3 ünvan 1 ünvanında yerləşən 82 saylı mənzilə vurulmuş maddi ziyana görə 1581 (min beş yüz səksən bir) manat, mənəvi zərərə görə 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pulun müştərək qaydada alınaraq Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin X6 və X3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü yaranmış əlverişsiz hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “işsiz olmaları, vəziyyətin ağır olması” kimi dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, ərizəçi tərəfindən maddi, əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “borcun hissə-hissə ödənilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-331/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-331/2023
12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver