Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-333/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu - ərizəçi X3 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-7732/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə X1nın “borcun hissə-hissə ödənilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, krediti aylıq 50-70 manat hissələrə bölüb ödəməkdə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu - ərizəçi S.V.Bədəlova ərizəni müdafiə edərək bildirdi ki, yaxın qohumu mağazadan kreditlə İphone markalı telefon götürmüşdür, iş yerinə olduğuna görə müqavilə onun adına bağlanmışdır, lakin telefonu özü götürməmişdir, özü müəllimə işləyir, 400 manat maaş alır, telefonu almış şəxsin anası əməliyyat olmuş, bu səbəbdən onlar ödənişlərdə biraz çətinliyə düşmüşdürlər, ona görə ayda 70 manat ödəyə bilirlər, özünün də kreditləri var, uşaqları var, ailədə tək işləyən özüdür, həmin borcu da bir dəfəyə ödəmək ona çətindir, bu səbəbdən həmin qətnamə üzrə borcun aylıq 70 manat olmaqla ödənilməsi barədə qərar çıxarılmasını istəyir. Sonda borclu - ərizəçi S.V.Bədəlova ərizənin təmin edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi İ.İsmayılbəyli xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, X3 borcun hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Tələbkar və Xətai rayon icra şöbəsinin icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-7732/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə X2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2476.3 manat əsas, 130 manat cərimə borcu olmaqla, cəmi 2606 (iki min altı yüz altı) manat 30 (otuz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2023-cü il tarixə olan “gəlir məlumatları” barədə çıxarışdan görünür ki, iddiaçı X4 Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəbi/musiqi müəllimi vəzifəsində işləyir, cari əmək haqqı 459,33 manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü borclu şəxsin əmlak vəziyyəti, habelə digər hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “əşyanın ödəyicisinin yaxın qohum olması, özünün başqa kreditlərinin olması, uşaqlarının olması və s.” kimi dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, ərizəçi tərəfindən əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, icra işi üzrə borcun ödənilməsinə yönələn hər hansı hərəkətlər edilməmişdir. Bununla belə, iş materiallarından görünür ki, S.V.Bədəlova hazırda işləyir, aylıq gəliri (459,33 manat) vardır. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Xətai rayon Məhkəməsinin e-2(011)-7732/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə X1nın “kreditin aylıq 50-70 manat hissələrə bölünüb ödənilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-333/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-333/2023
11.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver