Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-336/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X9 qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8325/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A, 81 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X7 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilmişdir. Belə ki, uzun müddətdən sonra icra vaxtı təyin edilmiş, iddiaçının mülkiyyətində olan mənzilin boşaldılması ilə bağlı icra məmuru ilə birgə mübahisəli ünvanda olmuşlar, iddiaçı mənzilin boşaldılmasını xahiş etsə də, mənzil boşaldılmamış, yalnız borclunun əmlakları mənzilin bir hissəsinə yığılmış, akt tərtib edilmiş və iddiaçı qətnamə tam icra edilməsə akta imza etməyəcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq Xətai rayon İcra şöbəsi 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 8(011)-336/2022 saylı qərardadı ilə X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. X1 vəkili Vəkil həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2021 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli 8(103)-328/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-336/2022 saylı 05 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi, X1 şikayətinə yenidən baxılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayon İcra şöbəsinə, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi rədd edilməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İş materiallarında olan icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Mehdi Zeynalov tərəfindən 27 iyul 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Cavabdeh göndərilmişdir. 05 fevral 2021-ci il tarixdə və 09 sentyabr 2021-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən borclu Cavabdeh yaşayış sahəsinin boşaldılmasına dair bildiriş göndərilmişdir. 04 fevral 2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinin əməkdaşları Mehdi Zeynalov, Türkay Yusifli, X14, Elşən Bəşirli, 35-ci PB-nin sahə inspektoru Mahir Rüstəmov, FHN-nin X4 əməkdaşı Arif Əliyev, X1 nümayəndəsi X6, borclu Cavabdeh və hal şahidləri tərəfindən akt tərtib edilərək imzalanmış, akta əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A nömrəli evin 81 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq tələbkar X8 nümayəndəsi X3 təhvil verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək, şikayət ərizəsinin dəlillərini və icra işinin materiallarını araşdıraraq belə hesab edir ki, məhkəmənin qətnaməsi tam şəkildə icra olunduğundan X2 tərəfindən verilmiş ərizə əsassız olmaqla rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-336/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-336/2022
29.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver