Məhkəmə qərarları › İş №8(011)-337/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-337/2024

01.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-337/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4541/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraatına başlanılan Xətai rayon Məhkəməsinin 2(011)-4541/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 1388 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir, qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir, icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra qərarın surəti bidirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir, lakin bu müddət ərzində tələb könüllü təmin edilməmişdir. “Elektron İcra” sistemindən borclunun adına aşkar edilmiş VAZ 21061 minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Xətai rayon Məhkəməsinin 8(011)-946/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmin avtomobilin axtarılmasına dair qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilmiş, lakin axtarış nəticə verməmişdir. Hazırda icra sənədi üzrə borc 1388 manat təşkil edir, borclu barəsində icra sənədinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, Kontak Home-dan aldığı məhsulda problem olmuşdur, lakin həmin dövrdə bununla bağlı tələb irəli sürməyə imkanı olmamış, eyni zamanda borcun müəyyənləşdirildiyi məhkəmə prosesində də iştirak etməmişdir. O, usta kimi işləyir, xaricdə, yəni Rusiya Federasiyasında iş olduqda gedib orda işləyir, xaricə gedərsə, borcunu ödəyə bilər. Həmçinin imkanı olduqca müxtəlif məbləğlərdə də ödəniş edir. Sonda Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tələbkar və icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-4541/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, Kenwood Kombayn üçün 566 manat ödənilməmiş hissə, 56 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11896 olan X1 8T markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, BOSCH tozsoran üçün 108,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə borcu olmaqla, ümumilikdə 1358 (min üç yüz əlli səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, Borclu xx.xx.2021-ci il tarixində tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarı imza etməklə almışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə verdiyi izahatda icra sənədindən xəbərdar olduğunu, uzun müddət çəkən xəstəliklərlə əlaqədar icra sənədi üzrə tələbi icra etmədiyini, həmin günə qədər 60 manat ödəniş etdiyini, adına rəsmiləşdirilmiş VAZ 21061 minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasında olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon Məhkəməsinin 8(011)- 946/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus VAZ 21061 minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu məxsus VAZ 21061 minik markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarılmasına dair qərar qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa məhdudiyyət obyekti ola bilməz. Məhkəmə hesab edir ki, borclu qərarın və könüllü icra barədə bildirişin surətini almasına baxmayaraq, icra sənədində göstərilən pul vəsaitini ödəmədiyindən, bununla da, Xətai rayon Məhkəməsinin 2(011)-4541/2021-006 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən icra məmuru Kəmalə Həsənovanın təqdimatı təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4541/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar