Məhkəmə qərarları › İş №8(011)-357/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-357/2022

18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-357/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)- 3534/2020-008 nömrəli, 17.09.2020-ci il tarixli icra sənədinə əsasən borcludan və X1 müştərək qaydada 7819,42 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 24.12.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Hazırda icra sənədi üzrə borc 7849,42 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsinin tələblərinə əməl etmədən hazırkı təqdimatla birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Təqdimata sözügedən qərarın surətinin borcluya göndərilməsi barədə poçt qəbzinin surəti əlavə olunsa da, həmin qəbzin surətindən görünür ki, qərarın surəti 04.02.2022-ci il tarixində Rafiq Sadiqov tərəfindən deyil “Sadıqova Simnarə” adlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olubolmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqinin aydın formada borcluya çatdırılmasının xüsusilə əhəmiyyət kəsb edir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı bir icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunsa da, onun borcluya çatdırılması müəyyən olunmur. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab verməməsi ilə nəticələnir. Belə ki, icra məmurunun “borclunun məcburi gətirilməsi barədə” qərarı 18.01.2022-ci il tarixdə borcluya göndərilsə də, qərarın göndərilməsini göstərən xəbərnamədə onun borclu tərəfindən deyil, başqa şəxs tərəfindən alınması müəyyən olunur. Buradan belə bir nəticə əldə olunur ki, borclunun sözügedən qərar barədə məlumatı olmamışdır. Göründüyü kimi, iş materialları əsasında müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə qərar ona qanunla müəyyən edilmiş qaydada göndərilmədiyindən təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar