Məhkəmə qərarları › İş №8(011)-363/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-363/2022

21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-363/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov –Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3039/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3039/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədinə əsasən borclular "xxxx" MMC və Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m olan 50 saylı mənzilə dair bağlanmış 21 aprel 2014-cü il tarixli, 135 nömrəli müqavilə etibarsız sayılmalı, həmin əqd əsasında ödənilmiş 42.126 manat pul vəsaiti "xxxx" MMC-dən tutularaq Cavabdeh verilməli və Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbəsindəki ümumi sahəsi 60.18 kv.m olan 50 saylı mənzilə başqaları ilə birlikdə çıxarılmalı və İddiaçı həmin mənzilə köçürülməlidir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən binanın 1-ci blok, 8-ci mərtəbədəki ümumi sahəsi 60.18 kv.m olan 50 saylı mənzilə tərəflərindən baxış keçirilmiş və baxış zamanı borclu "xxxx" MMC-nin hazırda fəaliyyət göstərmədiyi, həmin binaları idarə etmədiyi, hazırda "xxxx" MMC-nin fəaliyyət göstərdiyi və binaların "xxxx" MMC tərəfindən idarə edildiyi müəyyən edilmişdir. Bu səbəbdən müvafiq icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Bu barədə tərəflərindən müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədinin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 14-cü maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci madəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2922/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)-3039/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)- 2922/2020 saylı qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(102)-6346/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)-3039/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə məhkəmənin qətnaməsi yuxarı instansiya məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmışdır. Qanunun tələbinə əsasən qətnamənin izah edilməsini iş üzrə son qətnaməni çıxarmış məhkəmə, yəni Bakı Apelyasiya Məhkəməsi həyata keçirməlidir. Odur ki, hazırkı ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudovun Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3039/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar