Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-37/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Tələbkar-şikayətçi X2 iştirakı ilə, X5 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Türkay Yusifli) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar-şikayətçi X5 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon icra məmuru Türkay Yusiflinin icra işinə laqeyd münasibətləri, davranışları və hərəkətsizliyinin nəzərə alınması və təcili tədbirlər görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında M.Qurbanov şikayəti müdafiə edərək izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11331/2019 saylı, xx.xx.2021-ci il tarixli 2(103)-11331/2019 saylı, xx.xx.2022-ci il tarixli 3(103)-1600/2022 saylı, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1396/2020 saylı, AR Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2020-ci il tarixli qərardadının və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən başlanmış icra işi bu günə kimi Baş İcra İdarəsinin tabeliyində olan Səbail və Xətai icra şöbələri tərəfindən icra olunmamışdır. O, tələbkar olaraq məhkəmə qərarının icra olunması üçün beş dəfə rayonlarda X10, iki dəfə AR vitse-prezidentinin qəbul komissiyasında, bir dəfə AR Nazirlər Kabinetinin qəbul komissiyasında, üç dəfə Baş İcra İdarəsi rəisinin, bir dəfə AR Ədliyyə Nazirinin müavininin, üç dəfə Xətai rayon İcra şöbəsinin rəisinin qəbulunda olmuşam və aidiyyatı üzrə 16 dövlət qurumuna 6 ildə təxmini hesablamaya əsasən 267 məktub ünvanlamışdır. Bütün göndərilən məktublar aidiyyatı üzrə Ədliyyə Nazirliyinin ünvanına göndərilib. Nazirliyin rəsmiləri isə məktubları icra olunması üçün tabelikdə olan Baş İcra İdarəsinə ünvanlayıblar. Yazdığı müraciətlər icrasız qalmaqla idarənin arxivində saxlanmaqdadır. O, saysız-hesabsız ərizələri arxivdə saxlamaq üçün yox, icra olunması üçün göndərmişdir. Bu günə kimi heç bir tədbir görülməmişdir. AR KTN-nin ərazi vahidi Səbail rayon ərazisindən Xətai rayon ərazisinə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdən 2(103)-11331/2019 saylı məhkəmə işi və icra sənədləri Xətai rayon Məhkəməsinə və icra şöbəsinə təhvil verilmişdir. Həmin tarixdən bu günə kimi olan dövr ərzində Baş İcra İdarəsi və Xətai rayon İcra Şöbəsi 15 ay ərzində fikirləşmirlər ki, işə bərpa olmaq istəyən şəxs hansı durumdadır. O, 6 ildən artıq şəkərli diabet xəstəsidir, xəstəliyinin fəsadları üzrə sol ayağının dabandan pəncəyə kimi alt hissəsi götürülüb və pəncə hissədən amputasiya olunub, sağ ayağının da alt hissəsi götürül və barmaqlar amputasiya olunub, özü kirayədə yaşayır, aldığı pensiya ancaq kirayə xərcini ödəyir. Məhkəmələrdə işi udmağına baxmayaq, işə bərpa olunmamış və məcburi iş buraxmaya görə əmək haqqı əlavələrlə birlikdə hesablanıb ona ödənilməmişdir. Xətai rayon icra şöbəsinin icra məmuru Türkay Yusifliyə dəfələrlə telefon vasitəsilə əyani şəkildə və səkkiz ədəd yazılı şəkildə müraciətlər etmiş, işə bərpa işini tezləşdirmək və ödənilməmiş əmək haqqımın tələbi, əgər qarşı tərəf imtina edirsə, protokol tərtib edib məhkəməyə göndərilməsini tələb etmişdir. xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Şöbəsində qarşı tərəfin məsul şəxslərinin iştirakı ilə ona ATM-də ştat vahidi olaraq analitik şöbədə baş mütəxəssis vəzifəsi, eyni zamanda daxili əmrlə bu vəzifəni baş mühasib səlahiyyətləri verməklə rəsmiləşdirilməsi təklif edilmişdir. O bildirmişdir ki, öz işlədiyi maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsinə bərpa olunmaq istəyir. Onlar bunun mümkün olmadığını bildirdilər. Niyə? Əgər analitik şöbədə vakant “baş mütəxəssis” ştat vahidi vardırsa, AR ƏM-nin 74.2 maddəsinin tələblərinə uyğun olaraq onun yerində işləyən vətəndaşı keçirsinlər vakant ştata, onu öz əvvəlki vəzifəsinə bərpa etsinlər. O, ona təklif olunan bu vəzifədən imtina etmiş, bununla bağlı imtina aktı tərtib olunmuş, imtina aktını imzalamaqdan imtina etmiş, məhkəmə qərarının icra olunmasını tələb etmişdir. Sonra son olaraq ATM-in direktoruna bildirmişdir ki, iki gündən sonra xx.xx.2023-cü il tarixdə o öz fikrini yazılı formada ərizə ilə bildirəcəkdir. Öz rəyini xx.xx.2023-cü il tarixdə hazırlamış, AR Prezidentinin imzaladığı, “Mühasibat uçotu haqqında” AR Prezidentinin xx.xx.2004-cü il tarixli 716. 11Q saylı qanunu, həmin qanunun maddə 1.1-maddə; 2.1.1.17-maddə 3.1 tələblərini xatırlatmışdır. Qanunun 3.1 maddəsinə əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu qanunla müəyyən edilmiş müvafiq mühasibat standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Öz fikrini bildirmiş və razılıq vermişdir. ATM-in direktoru məzuniyyətdə olduğu üçün dəfələrlə zəngləşdikdən sonra xx.xx.2024-cü il tarixdə görüşmüşlər. Məktubu ona təqdim etmiş və əyani şəkildə fikrini bildirmişdir. İcra müddəti keçdikdən sonra xx.xx.2024cü ildə ona cavab verilmədiyi üçün fikrindən daşınmış və imtina məktubu hazırlamışdır. Məktubda göstərmişdir ki, humanitar güzəştlərə getmək fikirlərimi geri götürürəm və xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya məhkəməsinin qətnaməsində göstərilənləri tələb edirəm. AR ƏM-nin 74.2 maddəsilə öz tutduğum vəzifəyə bərpa və əmək haqqının hesablanıb ödənilməsi?. Baş icra şöbəsinin Xətai rayonu üzrə kuratoru Güney xanım Hadıyeva İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatına göndərdiyim müraciətə verdiyi cavab məktubu. Göstərilir ki, ATM PHŞ çevrilmə yolu ilə yenidən təşkil olunmuşdur. Bildirirəm ki, xx.xx.2018-ci il tarixli AR Prezidentinin 89 saylı Fərmanının birinci bəndi KTİETİ-ni çevrilmə yolu ilə ATM PHŞ-i yenidən təşkil edilsin. AR KTN-nin xx.xx.2018-ci il tarixli 37 saylı və ATM PHŞ-n xx.xx.2018-ci il tarixli 01 saylı əmrlərinə əsasən AR ƏM-nin 70 “a” maddəsinin tələbinə əsasən KTİETİ-n ləğv olunaraq 90 nəfərin əmək müqaviləsinə xitam verilmək ATM PHŞ-i yenidən təşkil olunub. Göstərilir ki, xx.xx.2021-ci il tarixli Səbail rayon icra şöbəsinin protokoluna əsasən ATM-i 3000 (üç min) manat cərimələnmişdir. Bildirirəm ki, bu cərimə Səbail rayon icra şöbəsinin protokoluna əsasən yox, xx.xx.2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixə kimi on bir ay davam edən beş dəfə Səbail rayon məhkəməsinə, Apellyasiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığı üçün geri qaytarılan inzibati işdə, inzibati xətaların olması səbəbindən AR İXM-nin 528.1 maddəsinin tələblərinə əsasən cərimə olunmuşdur. Göstərilir ki, icra məmuru tərəfindən icra sənədi üzrə Apellyasiya məhkəməsinə göndərilmiş izah verilməsi üçün göndərilmiş protokola apellyasiya məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılmış, məhkəmə qərardadla izah verilməsinə imtina etmişdir. Bildirirəm ki, bu imtina sözü olan cümlə elə şərh olunub ki, elə bil mənim əleyhimə sərt qərar qəbul edilib. Apellyasiya məhkəməsi ona görə izaha imtina qərarı verib ki, məhkəmə prosesində bir dəfə izah verilib. Bundan icra məmurunun heç xəbəri olmayıb. Mən 2021-ci ilin dekabr ayında Apellyasiya məhkəməsinə müraciət etdim ki, 2(302)-1131/2019 saylı xx.xx.2019-cu il tarixli qərardaddan izah verilməsini xahiş etdim. İcra məmurunun dəvət olmasını bilmirdim, ancaq məhkəmədə iştirak etmirdi. xx.xx.2019-cu il tarixli qərardadda, mənim işdən çıxarıldığım zaman tutduğum vəzifə Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib olub. Lakin, qərardadda baş mühasib kimi qeyd olunmuşdur. Bu da qarşı tərəfin əlinə fürsət düşərək, hüquqi əsası olmayan sənədlər hazırlayaraq, baş mühasib ştat vahidini guya ləğv etmişlər. Həmin baş mühasib ştat vahidini - baş mütəxəssis mühasib adlandırmışlar. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-11331/2019 saylı qərardadına aşağıdakı kimi izah olunsun, iddiaçının ərizəsi qismən qəbul edilmiş, MPM-nin 230.4-cü maddəsini rəhbər tutaraq ərizəyə baxılmasını mümkün hesab etmişdir. AR ƏM-nin 74.2-ci maddəsinin tələblərinə uyğun olaraq tələbkar əvvəl işlədiyi vəzifəyə bərpa olunmalıdır. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatına göndərilən məktubun cavabında icra baş idarəsi tərəfindən göstərilən -ATM-nin çevrilmə yolu ilə yenidən təşkili; -Tələbkarın tutduğu vəzifə baş mühasib olması; -İzah üçün verilmiş protokola qərardad çıxarılmasına imtina olunması; -xx.xx.2020-ci il tarixli KTN-nin əmri; -ATM-nin strukturunun dəyişdirilməsi; -Tələbkara iş elanı və təklifi; -Baş mühasib ştat vahidinin ixtisar olunması; -İşə bərpa olunmanın mümkün olmaması; -AR KTN-nin xx.xx.2018-ci il tarixli 37 saylı əmri; -ATM-nin xx.xx.2018-ci il tarixli 01 saylı əmri. Bu müddəalar hüquqi əsası olmayan sənəd, əmrlərdə və strukturda qurum rəhbərinin imza və möhürü ilə təsdiqlənməyən kağız parçalarıdır. Bu 5 ədəddə inzibati məhkəmə prosesi on ay davam edər, on məhkəmə prosesi keçirilib. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya məhkəməsi Səbail rayon məhkəməsinin son qətnaməsini düzgün araşdırma aparılmadığı üçün inzibati xəta hesab etmiş və AR İXM-nin 528.1 maddəsi ilə təqsirli hesab etmiş və 3000 (üç min) manat cərimələmişdi. Baş icra idarəsinin kuratorunun G.Hadıyevanın, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının məktubunun cavabında elə məlumat verib ki, mənim icra işim beş ildir icra olunmur, indən sonra beş il də süründürməçiliklə davan edəcək. xx.xx.2024-cü il tarixdə baş icra idarəsi rəis əvəzinin qəbulunda oldum, kurator Güney xanım da iştirak edirdi. 2023-cü ilin sonunda yenə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının cavab məktubunda göstərilən halları irad tutdum və bir də belə hallara yol verilməməsini bildirdim? Qəbulda olmağımdan 50 gün keçib hələ mənə rəsmi cavab verilməyib. Sonuncu (Ombudsman) aparatına verilən cavabın hər kəlməsi mənə qarşı qəst kimi yönəldilmişdir. xx.xx.2024-cü il tarixdən başlayaraq Xətai rayon məhkəməsinə icra işinin icrası barədə müraciət ünvanladım. 175 gün keçib. xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Xətai rayon icra şöbəsinin icra məmuruna sorğu məktubları göndərilib, bu günə kimi icra məmuru məhkəmənin sorğu məktublarma cavab verməyib. İcra məmuru məzuniyyətdən qayıtdıqdan sonra onunla xx.xx.2024-cü il tarixdə telefon əlaqəsi yaratdım və bildirdim ki, 15 aydır ki, icra işi sizin icranızdadır. Heç bir iş görməmisiniz, əgər qarşı tərəf cavab vermirsə, məhkəməyə inzibati protokol təqdim et, icra məmuru bildirdi ki, məhkəməyə xx.xx.2024-cü il tarixdə inzibati protokol göndərmişəm. xx.xx.2024-cii il tarixdə Xətai rayon məhkəməsinin dəftərxanasına zəng edib, inzibati protokolun hansı hakimdə olmasını öyrənim. Dəftərxana mənə cavab verdi ki, sizin işlə bağlı inzibati protokol məhkəməyə daxil olmayıb. Mən fikirləşdim ki, icra məmuru niyə məni aldatsın. Dəftərxana müdiri icra məmuru ilə telefon əlaqəsi yaradaraq deyib ki, tələbkarı niyə aldatməsan, belə cavab verib ki, poçtla göndərmişəm. Məhkəmə binası ilə icra şöbəsinin binası arasında məsafə 200 metrdən ibarətdir. Sonra 21 dəfə zəng edəndən sonra telefonu açdı, mən dedim niyə mənə yalan söyləmisən, 18 gündə inzibati protokol niyə çatmasın, mənə cavabı bu oldu, ağsaqqal adamsan, danışığına fikir ver. Həmin andan telefon nömrəmi bloka saldı. İnzibati protokola əsasən xx.xx.2024-cü il tarixdə Xətai rayon məhkəməsində işə baxıldı və məhkəmə işə xitam verdi. İcra məmuru məhkəmədə qonaq qismində iştirak edirdi. xx.xx.2024-cü il tarixdə Xətai icra şöbəsinin rəisi cənab Vüqar Hüseynova rəsmi məktubla müraciət ünvanladım ki, icra məmuru xx.xx.2024-cü il tarixli qərardaddan Apellyasiya şikayəti üçün inzibati protokol göndərsin Bakı Apellyasiya Məhkəməsinə. Mənim xx.xx.2024-cü il tarixli məktubuma heç əhəmiyyət verilməyib və Apellyasiya Məhkəməsinə icra şöbəsi tərəfmdən şikayət göndərilməyib. Eyni zamanda məktubu ünvanladığım günə kimi xx.xx.2024-cü il tarixli qərardadı mən almamışam. Özüm şikayət etmək üçün xx.xx.2024-cü il tarixdə Xətai rayon məhkəməsinin iş aparan hakimin otaq nömrəsinə zəng edib qərardadın göndərilməsini xahiş etdim, bildirildi, hazır olan kimi göndəriləcək. xx.xx.2024-cü il tarixdə yenə qərardatın göndərilməsini tələb etdim, bildirildi ki, narahat olma, mütləq göndəriləcək, dedim ki, onda qərardadın nömrəsini mənə bildirin, nömrəni aldım və xx.xx.2024-cü il tarixdə Apellyasiya şikayətini rabitə vasitəsi ilə Apellyasiya Məhkəməsinə göndərdim. Xatırladıram, xx.xx.2024-cü il tarixdə icra şöbə rəisinin nömrəsinə (0********) - 12 dəfə, icra məmurunun nömrəsinə (**********)-56 dəfə bloka salınıb, dəftərxananın nömrəsi (**********) - 14 dəfə, bloka salınıb, dəftərxana (**********) şəhər nömrəsi işləmir, bu hallar, yəni mənim telefon zənglərimə cavab verilməməsi mənə məxsus mobil telefonda mövcuddur, saxlanılır. Həmin gündən mən Xətai rayon icra şöbəsi ilə heç bir əlaqə saxlaya bilmirəm və getdiyim taksi xərci hər iki tərəf 30,00 AZN təşkil edir. Xətai rayon icra şöbəsində dövlətə məxsus telefonlar nə üçün tələbkarın, zərər çəkən şəxsin, 2-ci dərəcəli əlilin telefon zənglərinə cavab verməməsi, icra məmuru və dəftərxana tərəfinndən mənim şəxsi mobil telefonumun nömrəsinin bloklanması nəyə əsaslanır? Demək olar ki, nömrə bloklayan məmurlar öz yerində deyillər, bu hərəkətlər vəzifə həddini aşma və qərəzçilik kimi başa düşülür və qiymətləndirilir. Hörmətli qurum rəhbəri, yuxarıda göstərilənləri nəzərə alıb AR Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanının 1-ci bəndinə əsasən X1 İnstitutunun, X8 çevrilmə yolu ilə yenidən təşkil olunmasının təhrif olunmasına yol verilməsi, AR Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2018-ci il tarixli 37 nömrəli əmri ilə, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanını və KTN-nin mövcud təsdiq olunmuş əsasnaməsinin 18.8-ci maddəsini rəhbər tutaraq qəbul etdiyi əmrin 1-ci bəndinin mətni tapşırılsın KTİET İnstitutunun direktoruna, institutun əməkdaşlarının əmək münasibətlərini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin v 77.3 maddəsinin tələblərinə əsasən tənzimlənməsini təmin etsin. Yəni AR Mülki Məcəlləsinin 55-ci maddəsi-Hüquqi şəxsin çevrilməsi maddəsini, AR Mülki Məcəlləsinin 59-cu maddəsi - Hüquqi şəxsin ləğv olunması maddəsi ilə əvəzləşdirərək ciddi qanun pozuntusuna yol verilmişdir. AR Prezidentinin 22 may 2018-ci il tarixli Fərman düzgün icra olunmamiş, təhrif olunmaya yol verilmişdir AR Prezidentinin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanını rəhbər tutaraq X11 PHŞ-in yaradılması üçün əmr edirəm. İnstitutun əməkdaşların kollektiv şəkildə AR Əmək Məcəlləsinin 70 “a” maddəsinin tələblərinə əsasən əmək müqavilələrinə xitam verilsin. 1. institutun ləğv edilsin. 2. Əməkdaşların əmək müqaviləsi üçüncü şəxs tərəfindən kollektiv şəkildə xitam verilib. 3. Ləğv etmə yolu ilə “X11” yenidən təşkil olunub. Bu hal AR Əmək Məcəlləsinə əlavə - 1.10.2.3 maddəsinin tələblərinə əsasən üçüncü şəxs tərəfindən əməkdaşların əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Kollektiv surətdə əməkdaşların işdən çıxarılması qadağandır (AR ƏM 63.3 maddəsi). İdarə müəssisə ləğv edildikdə, məhkəməyə rəsmi müraciət olunur, səbəbi bildirilir və məhkəmə qərarına əsasən müəssisə ləğv olunur. İnstitutun ləğvi üçün məhkəməyə müraciət olunmayıb və məhkəmə qərarı çıxarılmayıb (ARfX M-59.4 mad.). KTİET İnstitutu qeyri-qanuni hüquqi əsası olmayan AR KTN-nin 37, ATM-01 nömrəli əmrləri əsasında ləğv olunub. KTN-nin xx.xx.2018-ci il tarixli 37 saylı əmrində qurum rəhbərinin imza və möhürü yoxdur, hüquqi əsası olmayan kağız parçasıdır. AR Prezidentin xx.xx.2018-ci il tarixli 89 nömrəli Fərmanının 5.1.2.3 maddəsi, AR Nazirlər Kabinetinin Mərkəzi İcra Aparatı orqanının (KTN) normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması təklif və məlumatları nəzarətdə saxlasın, icrası barədə 3 ay müddətində AR prezidentinə təqdim etsin. Xətai rayon icra məmuru Yusifli Türkaym icra işinə laqeyd münasibətləri, davranışları və hərəkətsizliyi nəzərə alınmalı və təcili tədbirlər görülməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən icra məmuru Türkay Yusifli izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və iddiaçı X2 AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 baş mühasib vəzifəsinə bərpa edilməsi, həmin qurum tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi və cavabdeh AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X4 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi Səbail rayon İcra Şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Həmin tarixdə icraata başlamaq haqqında qərar, bildiriş icra olunması üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Qeyd olunan qərar borclu tərəfindən təmin olunmadığından xx.xx.2020-ci il tarixdə AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X8 xəbərdarlıq məktubu göndərilmişdir. X6 icra şöbəsinə daxil olmuş məktubunda AR Ali Məhkəməsinin 2(102)-1396/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət verildiyi bildirilərək icra sənədi üzrə icraatın dayandırılması xahiş olunmuşdur. Borclu tərəfindən Konstitusiya Məhkəməsinə verilmiş şikayətin icraata qəbul edilməsi barədə məlumat almaq məqsədilə xx.xx.2020-ci il tarixli məktubla AR Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmədən daxil olmuş xx/xx-1246 saylı, xx.xx.2020-ci il tarixli məktubda X6 Ali Məhkəmənin 2(102)-1396/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməməsi barədə Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2020-ci il tarixli qərardadının qəbul edildiyi göstərilmişdir. Həmçinin Səbail rayon Məhkəməsinin 8(009)-329/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən borclunun icra sənədi üzrə tələbin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Sonrakı müddət ərzində borclu tərəfindən xx.xx.2020-ci il tarixli qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 84/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin 8(009)- 329/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə borcluya icra sənədinin icrasının təmin edilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və X11 tərəfindən şöbəyə daxil olmuş məktubda xx.xx.2020-ci il tarixdə Nazirlik tərəfindən verilmiş 132 saylı əmrə əsasən baş mühasib vəzifəsi ləğv edildiyi üçün icra sənədinin həmin hissədə icrasının mümkün olmadığı, mənəvi zərərin əvəzi olaraq tələbkara ödənilməli olan 2000 manat pul vəsaitinin borclunun hesabına ödənilməsi üçün bildiriş verilməsi göstərilmişdir. 2000 manat pul vəsaitinin M.Qurbanovun hesabına ödənilməsi üçün xx.xx.2021-ci il tarixdə X8 tələbkarın bank hesabı göndərilmiş, lakin qeyd olunan tələb təmin edilməmişdir. Sonuncu olaraq xx.xx.2021-ci il tarixdə borclu X8 xatırlatma məktubu göndərilmiş və icra sənədi üzrə təyin edilən tələbin təmin edilməsi və bu barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. X11 tərəfindən şöbəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda tələbkarın hesabına mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaitinin ödənildiyi qeyd edilmiş və ödəniş tapşırığı şöbəyə təqdim edilmişdir. Həmçinin məktubda icra vərəqəsində göstərilən baş mühasib vəzifəsinin olmaması, mərkəzin strukturunda xx.xx.2020-ci il tarixdə nazirlik tərəfindən verilmiş 132 saylı əmrə əsasən baş mühasib vəzifəsinin ləğv edildiyi və tələbkarın ixtisasına və stajına uyğun gələn heç bir ştat vahidinin olmadığı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə borclu dövlət orqanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə və ona əlavə edilmiş materiallar tanış olunması üçün borclunun ünvanına göndərilmişdir. xx.xx.2021-ci il tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək Səbail rayon Məhkəməsinə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə protokola xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin qərardan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2426/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 1662/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsinin 3(009)-1662/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Səbail rayon Məhkəməsinin həmin qərarından tələbkar tərəfindən şikayət verilmiş, şikayət apellyasiya məhkəməsinə göndərilmiş, apellyasiya məhkəməsi apellyasiya şikayətinin verilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinə baxılması üçün işi Səbail rayon Məhkəməsinə göndərmiş, həmin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə 3(009)-1662/2021 saylı qərarla tələbkarın şikayəti geri qaytarılmış və ona müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunması izah edilmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar apellyasiya şikayəti vermiş, xx.xx.2022-ci il tarixdə tələbkarın apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə tələbkarın apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi xx.xx.2022ci il tarixli qərarla təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1600/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmiş və xx.xx.2022-ci il tarixdə borclu tərəfindən ödənilmişdir. Borclunun şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubunda 2020-ci ilin mart ayından respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi üçün dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığına görə Mərkəzin strukturunda dəyişikliklər və ixtisarlar edilsiyi üçün digər bir neçə ştat vahidləri ilə birlikdə maliyyə və mühasibat uçotu bölməsinin rəhbəri-baş mühasib ştat vahidi də ixtisar edilmişdir. Həmin dövrdə Nazirliyin bir neçə qurumlarının strukturunda dəyişikliklər və ixtisarlar aparılmışdır. Ona görə Mərkəz aqrar sahədə elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması işlərini yerinə yetirir. Mərkəzdə mühasibatlığın funksiyası ayda bir dəfə işçilərin əmək haqlarının hesablanıb ödənilməsini təmin etməkdən ibarətdir. Digər mühasib ştat vahidlərinin olması dövlət büdcəsi vəsaitinin əsassız yerə israf edilməsi idi. Bu halın qarşısının alınması üçün Mərkəzin strukturunda dəyişikliklər və ixtisarlar edilmişdir. xx.xx.2022-ci il tarixdə AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “X11” publik hüquqi şəxsin strukturunun təsdiq edilməsi haqqında MİHO/xx-xx-2022-271 saylı əmrə əsasən Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq strukturunda dəyişikliklər edilmişdir. Hal-hazırda mühasibatlıq işlərini xx.xx.2007-ci il tarixdən Mərkəzdə mühasib vəzifəsində işləyən X9 yerinə yetirir. Bindan başqa Mərkəzdə mühasib ştatının olmadığı bildirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclu tərəfindən eyni məzmunlu məktub daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra qaydasına izah verilməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə ərizə təmin edilməmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxılmaya görə əmək haqqının və əlavə ödənişlərin hesablanması üçün ərizənin Ədliyyə Nazirliyinin hesablama ekspert komissiyasına göndərilməsinə köməkllik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə borcluyamüraciət edilmişdir. Sözügedən icra sənədi üzrə yaranmış çatışmazlıqların aradan qaldırılmasını müəyyən etmək məqsədilə məhkəmə ekspertizasının keçirilməsinə dair təqdimatla Səbail rayon Məhkəməsinə müraciət edilmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir, həmin qərardaddan icra məmuru tərəfindən apellyasiya şikayəti verilmiş və eyni zamanda tələbkarın xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxılmaya görə əmək haqqının və əlavə ödənişlərin hesablanması üçün Ədliyyə Nazirliyinin hesablama ekspert komissiyasına göndərilməsi ilə bağlı ərizəsi təkrarən icra edilməsi üçün 28.04.2-23-cü il tarixdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixdə İcra haqqında Qanunun 24-cü maddəsinə əsasən icra tədbirlərinin davam etdirilməsi məqsədilə icra sənədi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə borcluya bildiriş, tələbkar və məhkəməyə məlumat göndərilmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində borcluya xəbərdarlıq məktubları göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə işçi qaydasında Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin əməkdaşları ilə nazirliyin inzibati binasında görüş keçirilmiş, hüquq şöbəsinin əməkdaşları ilə aparılmış müzakirələr zamanı qərarın icrası bir daha tələb olunmuş, onlar isə öz növbəsində qərarın icrası istiqamətində tədbirlər görüldüyünü və nəticəsi barədə məlumat veriləcəyini qeyd etmişlər. Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə şöbəyə ünvanlanmış məktubda hal-hazırda “X11” X14 baş mühasib vəzifəsinin olmadığı, tələbkarın ixtisasına uyğun yeganə vəzifənin baş mütəxəssis vəzifəsi olması və hazırda bu vəzifənin yetkinlik yaşına çatmamış, iki övladı olan məcburi köçkün olan tənha ana tərəfindən icra olduğu bildirilmiş və qeyd olunanlara baxmayaraq 2022-ci il tarixdə tələbkar X6 inzibati binasına dəvət olunaraq video çəkiliş altında aparılan görüş zamanı ona X6 Analitik Departamenti və Elektron İdarəetmə Departamentində baş mütəxəssis vəzifəsi təklif olunmuşdur. Həmçinin M.Qurbanovun işlə təmin olunması məqsədilə görüş keçirilməsi üçün Xətai rayon İcra şöbəsinə dəfələrlə müraciət olunmasına baxmayaraq, tələbkarın görüşdə iştirakdan birmənalı imtina etdiyi bildirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Şöbəsinin rəis müavini Vüqar Hüseynovun xidməti otağında, şöbənin böyük icra məmuru Türkay Yusili, ATM-nin direktoru Firdovsi Fikrətzadə, Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri Yasərin Abdullayev, ATMnin inzibati idarəetmə departamentinin hüquq məsələləri üzrə müavini Əliheydər Heydərlinin və tələbkar Məzahir Qurbanovun iştirakı ilə görüş keçirilmiş, bu zaman ATMnin direktoru F.Fikrətzadə hal-hazırda ATM-də baş mühasib vəzifəsini tələbkara təklif etmiş və daxili əmrlə mühasib vəzifəsinin əmək funksiyalarının icrasını həvalə edilməsini təklif etmiş, həmçinin məcburi iş buraxma müddəti üçün tələbkara ödənilməli olan əmək haqqının ödənilməsinə etirazı olmadığını, məhkəmə qərarında nəzərdə tutulmuş 1 nömrəli əmrin ləğv ediləcəyini bildirmişdir. Həmin təklifə tələbkar imtina edərək, yalnız məhkəmə qərarında göstərilmiş baş mühasib vəzifəsinə təyin olunmaq istədiyini bildirmiş, ona olunan təklifdən imtina etmişdir. Qeyd olunanlarla bağlı tərəflərindən akt tərtib olunmuşdur. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində borcluya xəbərdarlıq məktubları göndərilsə də, borclu tərəfindən bugünədək məhkəmə qərarının icrası təmin edilməmişdir. xx.xx.2024-cü il tarixdə borclu barəsində inzibati protokol tərtib edilərək Xətai rayon Məhkəməsinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə protokola xitam verilmişdir. Bundan sonra tələbkar tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən verilmiş apellyasiya şikayəti AR İXM-nin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməməsi səbəbindən həmin məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə borcluya xəbərdarlıq məktubları göndərilmişdir. Nəticəsindən asılı olaraq icra tədbirləri davam etdiriləcəkdir. Sonda icra məmuru T.Yusifli qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti və ona əlavə olunan sənədləri, habelə icra sənədlərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrin ləğv edilməsi və iddiaçı X2 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 baş mühasib vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X11 tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X4 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11331/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi aşağıdakı kimi izah olunmuşdur: iddiaçı X5 işlədiyi vəzifəyə və ya onun razılığı ilə istənilən başqa vəzifəyə (işə) bərpa edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 06 oktyabr 2020-ci il tarixli 132 saylı əmrinə əsasən “X11” publik hüquqi şəxsin strukturu təsdiq edilmiş, Maliyyə və mühasibat uçotu şöbəsi “X11” publik hüquqi şəxsin yeni strukturuna uyğun olaraq ştat cədvəlini təsdiq edilməsi üçün təqdim edilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 161 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X11 tərəfindən 2000 manat məbləğində pul vəsaiti X3 ödənilmişdir. İş materiallarında olan AR KTN-nin Səbail rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, dövlət büdcəsinə qənaət etmək məqsədilə AR KTN-nin tabeliyində olan bir neçə qurumların strukturunda, o cümlədən Mərkəzin strukturunda xx.xx.2020-ci il tarixində dəyişikliklər edilmiş, bir neçə ştat vahidləri ixtisar edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə uyğun olaraq X2 işə bərpa edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 21 iyun 2018-ci il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi və iddiaçı X2 AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X7 baş mühasib vəzifəsinə bərpa edilməsi, həmin qurum tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi və cavabdeh AR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X4 mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2020-ci il tarixdə Səbail rayon İcra Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya göndərilmişdir, daha sonra icra tədbirlərinin davam etdirilməsi məqsədilə icra sənədi ərazi aidiyyatı üzrə xx.xx.2023-cü il tarixdə Səbail rayon icra şöbəsindən Xətai rayon icra şöbəsinə daxil olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin strukturunda xx.xx.2020-ci il tarixində dəyişikliklər edilməsi səbəbindən Mərkəzdə baş mühasib ştatı ləğv edilmiş, buna görə də icra vərəqəsinə uyğun olaraq X2 ATM-də baş mühasib vəzifəsinə bərpa edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya onun ixtisasına uyğun olaraq ATM-də ştat vahidi olaraq analitik şöbədə baş mütəxəssis vəzifəsi, eyni zamanda daxili əmrlə bu vəzifəni baş mühasib səlahiyyətləri verməklə rəsmiləşdirilməsi təklif edilmiş, iddiaçı yalnız məhkəmə qərarı əsasında öz işlədiyi maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsinə bərpa olunmaq istədiyini bildirərək ona olunan təklifdən imtina etmişdir. İcra işi üzrə tələbkarın hesabına mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaiti köçürülmüşdür. Bununla belə, icra sənədinin icrasının təmin edilməsi məqsədilə X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi və bu istiqamətdə icra tədbirlərinin həyata keçirilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti borclu tərəfindən tələbkara ödənilsə də, onun məcburi iş buraxmaya görə əmək haqqı ödənilməmişdir və bununla bağlı hər hansı icra tədbiri görülmədiyindən tələbkar icra məmurunun hrəkətsizliyindən şikayət etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuşdur ki, 21 iyun 2018-ci il tarixdən başlayaraq iddiaçı X2 işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin, lakin iş materiallarından icra işi üzrə müvafiq tədbirlərin görülməsi müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi ilə bağlı Xətai Rayon İcra Şöbəsinin icraatında olan e73206/2020-1-13 nömrəli icra işi üzrə İcra məmuru Türkay Yusiflinin hərəkətsizliyi qanunsuz hesab edilməli, "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirləri ardıcıl olaraq tətbiq edilməli və icra sənədinin “tələbkarın məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq tələbkara ödənilməsi” hissəsində icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Məhkəmə, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq tələbkara ödənilməsi ilə bağlı qeyd edir ki, məcburi iş buraxmaya görə əmək haqqı 21 iyun 2018-ci il tarixdən tələbkarın təklif edilmiş vəzifədən imtina etdiyi xx.xx.2023-cü il tarixə qədər olan dövr üçün hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Xətai Rayon İcra Şöbəsinin icraatında olan e73206/2020-1-13 nömrəli icra işi üzrə icra şöbəsinin hərəkətləri qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatında olan e73206/2020-1-13 nömrəli icra işi üzrə icra məmuru Türkay Yusiflinin hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X11 barəsində "İcra haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məcburi icra tədbirləri ardıcıl olaraq tətbiq edilsin. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən tələbkar X2 məcburi iş buraxma müddəti üçün əmək haqqının (hazırkı qərardadın əsaslanma hissəndə müəyyən edilmiş dövr üzrə) hesablanaraq ödənilməsinə yönəlmiş tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-37/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-37/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver