Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-391/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından üç övladları – xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların tələbkarın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilməlidir. Hazırda iki uşağa görə 340 manat aliment alır. Bu məbləğ uşaqların minimum dolanacaq xərclərini ödəmədiyi üçün borclu tərəfindən verilən alimentin artırılmasına zərurət yaranmışdır.
b) Borclunun ərizəyə etirazının dəlilləri:
5. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Ərizəçi məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
7. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir.
İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
8. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
9. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
12. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
"Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı:
13. Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
14. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
18. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
19. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
21. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.
22. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2020-ci il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə tətbiq edilməklə aparılmalıdır
23. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaların tələbkarın yanında saxlanılması, və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən 2019-cu il sentyabrın 1-dən 2022-ci ilin yanvar ayının 1-dək ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur.
24. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 170 manat (qətnamə tutulan alimentin məbləği) : 250 manat (2020-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,68. Göründüyü kimi, 170 manat 250 manatın 0,68 mislinə bərabərdir. Beləliklə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hər bir uşaq üşün hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir) məbləğinin 0,68 misli həddində indeksasiya edilməlidir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
Ərizə təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-631/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 170 manat sabit pul məbləğində tutulmuş alimentin məbləği, sonrakı artımlar da nəzərə alınmaqla, hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,68 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyası xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı