Məhkəmə qərarları › İş №8(011)-398/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-398/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-398/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, X1 nümayəndəsi X4 iştirakı ilə, X6 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icraçı Ceyhun Həmidov) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyindən şikayəti təmin edilsin və Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə X6 və Məhərrəmova Nazlı Vaqif qızının hər ikisinin ½ hissədə payları, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı X3 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə paylarının müəyyən edilməsinə dair Ceyhun Həmidovun üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin Ələsgər Məhərrəmov ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 318/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə X6 və Məhərrəmova Nazlı Vaqif qızının hər ikisinin ½ hissədə payları, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı X3 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə payları müəyyən olunmuş, qətnamə həmin hissədə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir və hazırda Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidovun icraatındadır. X12 tərəfindən həmin qətnamə hələ də icra edilməmişdir. İcra məmuru o halı bəhanə edir ki, o, bu işin icrası ilə bağlı Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinə məktub göndərmiş, reyestr xidməti isə həmin mənzillərin üzərində həbs olduğuna görə, payları müəyyən edə bilmədiyini qeyd etmişdir. Hesab edirəm ki, icra məmuru öz öhdəliklərini yerinə yetirmir, Reyestr xidmətinin məktubunu bəhanə gətirərək icra sənədini icra etmir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü i -cü il tarixli, 2(011)-318/2023 saylı qətnaməsi ilə bağlı hərəkətsizliyi qanunsuzdur. X11 ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə paylarının müəyyən olunması, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı X3 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə paylarının müəyyən olunması, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat və “Toyota Prius” markalı 77CJ790 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 5000 manat, ümumilikdə 7500 (yeddi min beş yüz) manat cavabdeh Məhərrəmova Nazlı Vaqif qızından alınaraq iddiaçı X5 ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “Toyota Prius” markalı 77CJ790 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 5000 manat cavabdeh Məhərrəmova Nazlı Vaqif qızından alınaraq iddiaçı X5 ödənilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4180/2023 saylı 20.11.203-cü il tarixli qərarı ilə İddiaçı X3 və cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2956/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 6(011)-247/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 23, 22 saylı mənzilin, Bakı şəhəri, Suraxanı rayonu AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzil və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzil Məhərrəmova Nazlı Vaqif qızının tam payla mülkiyyətindədir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-318/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilə tərəflərin hər ikisinin ½ hissədə payları, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı X3 2/3 hissədə, cavabdeh Məhərrəmova Nazlı Vaqif qızının 1/3 hissədə payları müəyyən olunmuş, məhkəmə qətnaməsi həmin hissədə yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. Mübahisəli mənzillərin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. Bununla belə, EMİS-dən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzil və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzil Məhərrəmova Nazlı Vaqif qızının tam payla mülkiyyətindədir. Şikayətdə, icra məmuru tərəfindən qətnamənin icra edilməmə səbəbi kimi əmlaklar üzərində həbsin olmasına istinad etməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzil və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzillərə dair tərəflərin payları müəyyən edilməmiş, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsizliyə yol verilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qətnaməsi ilə X3 həmin mənzillər üzərində paylı mülkiyyət hüququ müəyyən edilib, qətnamə qanuni qüvvəyə minib və dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qətnaməyə əsasən mənzillər üzərində Həsən İmanovun paylı mülkiyyət hüququnun qeydə alınması mənzillərin özgəninkiləşdirilməsi hesab olunmur, çünki “özgəninkiləşdirmə” deyiləndə sərəncam əqdi əsasında əmlakın mülkiyyətçisinin dəyişməsi başa düşülür, qətnamə isə sərəncam əqdi deyil. Odur ki, mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi qətnaməyə əsasən dövlət reyestrində paylı mülkiyyət hüququna dair qeydiyyat aparılmasına maneə sayılmır. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun hərəkətsizliyindən şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1160/2023 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməli və Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X7 üzərinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4044/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Müəyyən edilsin ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzilin və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa X3 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi ev 76, 32 saylı mənzildə ½ hissədə, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzildə 2/3 hissədə paylı mülkiyyət hüququnun müəyyən edilməsi barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-318/2023 nömrəli qətnaməsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasına maneə deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1160/2023 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar