Məhkəmə qərarları › İş №8(011)-401/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-401/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-401/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X1 Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından bir övladları – xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin nikahı

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tələbkarın borcluya qarşı “nikahın pozulması, uşağın onun yanında saxlanılması və aliment tələbi” barədə iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın tələbkarın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

3. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkarın “alimentin artırılması barədə” iddiası təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi tutulan alimentin məbləği artırılaraq Rasim Orucəliyevin yetkinlik yaşınadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin borcludan tələbkarın xeyrinə tutulması qət edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:

4. Tələbkar Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi ilə miqdarı dəyişdirilmiş alimentin 2025-ci il üçün nəzərdə tutulmuş yaşayış minimununa uyğun indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Tələbkar ərizəsində qeyd etmişdir ki, onların nikahı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqlarının onun yanında saxlanması və 175 manat alimentin borcludan onun xeyrinə tututlması qət edilmişdir. Sonradan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat sabit pul məbləğində borcludan tutulması qət edilmişdir. Hazırda 2025-ci ildə uşaqların saxlanması xərci 2023-cü illə müqayisədə artmlşdır. Ölkədə olan bahalaşma, uşağın böyüməsi, yaşayış münimunun 2023-cü ilə nisbətdə 2025-ci ildə artması alimentin miqdarında dəyişiklik edilməsinə, hazırkı bazar qiymətlərinə uyğun indeksasiya edilməsinə zərurət yaratmıışdır.

b) Borclunun ərizəyə etirazının dəlilləri:

6. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

7. Tələbkar məhkəməyə teleqram göndərərək hava şəraiti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini və onun iştirakı olmada ərizəsinə baxılmasını məhkəmədən xahiş etmişdir.

8. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir.

İşə tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

13. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı:

14. Minimum aylıq əmək haqqının məbləği 2023-cu il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:

15. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

16. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

19. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

20. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

22. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.

23. Məhkəmə qeyd edir ki, tələbkar alimentin indeksasiya olunmasını 2025-ci il üzrə yaşayış minimumunun əsas götürülərək indeksasiya olunmasını təələb etsə də, yuxarıda şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar kimi minimum əmək haqqının məbləği əsas götürülməklə alimentin indeksasiyası həyata keçirilməlidir. Ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş Rasim Orucəliyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2023-cü il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə təyin edilməlidir.

24. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Rasim Orucəliyevnın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən 2023-cü il yanvar 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur.

25. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 220 manat (son qətnamə ilə tutulan alimentin məbləği) : 345 manat (2023-cü il üçün minimum əmək haqqı) = 0,**********2. 0-dan sonrakı ədədlər yüzlüklərlə yuvarlaşdırıldıqda, alınan nəticə 0,64 olacaqdır. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

Ərizə təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3531/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş 220 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyası xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar