Məhkəmə qərarları › İş №8(011)-402/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-402/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-402/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 18.05.2020-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6992/2019 saylı, 04.09.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1975-ci il tarixdə anadan olmuş borcludan hər ay bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar Ələddin qızının xeyrinə ödənilməlidir. İcra sənədi 18.05.2020-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formasında nəzərdə tutulan məcburi icra tədbiri o halda tətbiq edilə bilər ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda borcunu üzürsüz səbəbdən ödəmədikdə onun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin icra məmuru tərəfindən təqdimatda tələb olunan borcun miqdarı qeyd olunmamış, tələbkar da borcun məbləği barədə məhkəmyə sübut təqdim edə bilməmişdir. Həmçinin, icra məmuru məhkəmə iclasında iştirak etmədiyindən həmin halların məhkəmə tərəfindən araşdırılması da mümkün olmamışdır. Ölkədən getmək hüququ şəxsin konstitusiyon hüququ olmaqla azadlıq hüququnun tərkib hissəsidir. Eyni zamanda, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2ci bədi). Sərbəst hərəkət etmək hüququnun həm milli, həm də beynəlxalq qanunlarla qorunan əsas hüquqlardan olmasını nəzərə alaraq, təqdimatda tələb olunan məcburi icra tədbirinin qanuna uyğun olub-olmaması, habelə, tətbiq edilən icra tədbiri ilə şəxsin sərbəst hərəkət etmək hüququ arasında mütənasibliyin olub-olmaması, bu hüququn məhdudlaşdırılmasının zəruri olub-olmaması kimi halların araşdırılmasını məhkəmə vacib hesab edir. Məhkəmə hesab edir ki, tətbiq ediləcək tədbir ilə borclunun məruz qala biləcəyi məhrumiyyətin nəticələri arasında ədalətli balans gözlənilməlidir. Təqdimatda borclunun ödəməyə borclu olduğu pulun miqdarı qeyd olunmadığından, tətbiq olunacaq tədbirin gözlənilən nəticəyə nə qədər uyğun olmasının müəyyən edilməsi mümkün olmamışdır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması isə onun milli və beynəlxalq hüquqla qorunan əsas hüquqlarından biridir. Məhkəmə hesab edir ki, bəlii olmayan borc məbləğinin ödənilməsi məqsədilə şəxsin əsas hüququndan məhrum edilməsi mütənasiblik prinsipinə ziddir. Avropa İnsan Hüquqları Məhkəməsinin Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı 25 sentyabr 2016-cı il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, bununla bağlı Avropa Məhkəməsi xatırladır ki, 4 saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq dövlət orqanları fərdi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı andan və bütün müddət ərzində əsaslı və mütənasib olmasını təmin etməlidir. Məhdudiyyətin əsaslılığının və mütənasibliyinin qiymətləndirilməsi ilə bağlı məhkəmə nəzarətinin təmin edilməsini həyata keçirmək imkanı nəzərdə tutulmalıdır, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. Digər bir tərəfdən, məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə digər icra tədbirləri də nəzərdə tutulmuşdur. Hazırkı təqdimatda daha ağır icra tədbirinin hansı zərurətdən tətbiq edilməsi isə əsaslandırılmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xətai rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar