Məhkəmə qərarları › İş №8(011)-429/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-429/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-429/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Tələbkarın nümayəndəsi və vəkili X3 iştirakı ilə, Borclu Bakı Şəhəri 40 saylı Notariat Ofisinin qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu Bakı Şəhəri 40 saylı Notariat Ofisinin notariusu Şəhla Hüseynova ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsi verilərkən vərəsələrin payları mütləq qaydada sistemə daxil olunur və bu vərəsəlik işində vəsiyyətnamə üzrə vərəsə olduğu üçün vərəsəlik payının nisbəti göstərilmədən hansı qaydada vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsinin izahını verməyi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-254/2023 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilərək, iddiaçı İddiaçı X2 06 avqust 2012-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlaka dair açılmış 824/2012 nömrəli vərəsəlik işi üzrə vərəsəlik payının nisbəti göstərilmədən cavabdeh Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. 06 avqust 2012-ci il tarixdə vəfat etmiş atası X10 xx.xx.2012-ci il tarixdə qızı X1 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş baö massivində yerləşən 114 saylı bağ evinə və torpaq sahəsinə dair 2v- 572 reyestr nömrəli vəsiyyətnamə qoymuşdur. Miras qoyanın da həmin əmlakdan başqa ünvan 1 ünvanında yerləşən digər bir əmlakı da vardır. Beləliklə miras qoyanın həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələri vardır. Vərəsəlik işində payın nisbəti göstərilmədən miras əmlakdan vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi absurddur. X5 miras qalmış əmlaka dair qızı X4, Tələbkar, X7 və arvadı X6 tərəfindən onlara müraciət edilmiş və onlar vərəsə kimi tanınmışlar və hər biri həm qanun üzrə, həmdə vəsiyyət üzrə vərəsələrdir. Miras qoyanın arvadı X6 mirası qəbul etmiş, lakin vərəsəliyi rəsmiləşdirmədən xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarin nümayəndəsi və vəkili X8 izahatında bildirdi ki, notarius qətnamənin icrasını əsassız olaraq uzadır və maneələr yaradır. Qətnamənin icrası ilə bağlı notariat ofisində olarkən, notarius digər şəxslərində orda məcburi payının olduğu, lakin həmin payların qətnamədə göstərilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Halbuki onlar şəhadətnamədə digər şəxslərin paylarının göstərilməsinə etiraz etməmişlər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında bu tip məsələyə münsibət bildirilmişdir və bununla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-254/2023 saylı qanuni qüvvəsini almış qətnaməsi vardır. Həmin qətnaməyə izah verilməsi onun məzmunun dəyişməsinə səbəb olacaqdır. Buna görə də, ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri 40 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə ərizəyə onun (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu Bakı Şəhəri 40 saylı Notariat Ofisinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-254/2023 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar