Məhkəmə qərarları › İş №8(011)-429/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-429/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-429/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclunun, onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1- ci blok, 11-ci mərtəbəsindəki, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (19,03.2024-cü il və xx.xx.2023- cü il tarixli) tədqiqat dəyəri olan 200 manat Borclu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun nümayəndəsi (vəkili) məhkəmə iclası zamanı bildirdi ki, təqdimatla razı deyil. Mübahisəli mənzildə artıq borclu yox, Lauza Mahmudova yaşayır. Tələbkarla borclu arasında məhkəmə mübahisələri gedən ərəfədə mənzil borclu tərəfindən Lauza Mahmudovaya təhvil verilmişdir. Bununla bağlı icra məmurunun bütün çağırışlarına vaxtında gediblər. Sonuncu dəfə icra məmuru tərəfləri barışdırmaq üçün onları dəvət etmiş, sonradan ona getməsini təklif etmiş, buna baxmayaraq təxminən bir həftədən sonra yenidən onları icra şöbəsinə dəvət etmiş, lakin həmin vaxt başqa bir çox epizodlu cinayət işinin baxılmasında vəkil qismində iştirak etdiyindən icra məmurunun dediyi vaxtda icra şöbəsinə gedə bilməmiş, bununla bağlı da icra məmuru ilə danışıqları olmuş və görüşün başqa vaxta keçirilməsi barədə razılığa gəliblər. Ona görə də təqdimatın rədd edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında təqdimatla razı olmayaraq təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2 və 84.3-cü maddəsinin tələblərinə əməl etmədən hazırkı təqdimatla birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, icra məmuru borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət etməzdən əvvəl bununla bağlı qərar qəbul etməli və borclunun həmin qərardan şikayət vermə hüququnu gözləməklə bağlı qanunun imperativ göstərişinə əməl etməlidir. Təqdimata sözügedən qərarın surətinin borcluya göndərilməsi barədə məktub əlavə olunsa da, həmin məktubun borcluya çatdırılması barədə təqdimata heç bir sübut əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, baxılan məsələ ilə bağlı, icra tədbirinin qanuna uyğun olub-olmamasının yoxlanılması üçün hüquqi müəyyənlik prinsipinin şərtləri əsasında tətbiq ediləcək məcburi icra tədbirinin tətbiqi barədə məlumatların (bildirişlərin) aydın formada borcluya çatdırılması vacibdir. Borclu onun barəsində tətbiq ediləcək hər hansı icra tədbirinin nəticələri barədə aydın və anlaşılan şəkildə məlumatlandırılma hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, təqdimata borclunun məcburi gətirilməsi barədə qərar və məlumat əlavə olunsa da, onun borcluya çatdırılması barədə icra məmuru məhkəməyə sübut təqdim etməmişdir. Bu hal isə, tətbiq ediləcək məcburi icra tədbirinin müəyyənlik, həmçinin qanunilik şərtinə cavab verməməsi deməkdir. Bundan başqa da, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Borclu özü məhkəmə iclasına gəldiyindən və icra məmurunun çağırışı ilə gəlməkdən yayınmadığını, icra məmurunun hər bir çağırışına gələcəyini bildiriyindən, onun barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Odur ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar