Məhkəmə qərarları › İş №8(011)-449/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-449/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-449/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Həmidov Ceyhun, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-4056/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1990-ci ndə anadan olmuş və Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 2851.26 manat məbləğində pul vəsaiti və 48,52 manat dövlət rüsumu tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixdə X1 izahat verərək, borcundan ödəniş etmədiyini, hissəvi şəkildə ödəyə biləcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu məhkəmə iclasında izahat verərək, borcu hissə-hissə ödəyəcəyini bildirmiş, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- e- 2(011)-4056/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 2591,33 (iki min beş yüz doxsan bir manat, otuz üç qəpik) manat, faiz borcuna görə 235,74 (iki yüz otuz beş manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 24,19 (iyirmi dörd manat on doqquz qəpik) manat, cəmi 2851,26 (iki min səkkiz yüz əlli bir manat iyirmi altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 48,52 (qırx səkkiz manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə bildiriş ona təqdim edilmişdir. Borclu Bakı şəhəri Xətai Rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, maddi vəziyyəti yaxşı olmadığından borcu ödəyə bilmir, atası xəstə olduğundan bütün qazancı onun xərclərinə gedir, borcu ayda 50-100 manat olmaqla ödəyə bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Borclu "KARVAN 2002" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİndə Köməkçi fəhlə vəzifəsində çalışır və aylıq əmək haqqı 670 manat təşkil edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişlər. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlarıəsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması şikayətdə qeyd edildiyi kimi, mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır. İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına istinadən qeyd edir ki, icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Odur ki, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər Lakin hazırkı işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Borclu icra sənədi üzrə tələbin yönəldilə biləcəyi rəsmi iş yeri və əmək haqqı olduğu halda tələb borclunun əmək haqqına yönəldilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Borclu Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsində nəzərdə tutulmuş konstitusion hüququ olan ölkədən getmək hüququnun məhdudlaşdırılması, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunan mütənasiblik prinsipinə uyğun olmadığından, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi baxımından məqbul deyildir. Odur ki, təqdimat əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar