Məhkəmə qərarları › İş №8(011)-455/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-455/2022

16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-455/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu barəsində məcburi gətirmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3717/2021-006 nömrəli, 21.05.2021-ci il tarixli icra sənədinə əsasən borcludan 8773,40 manat borc və 30 manat məbləğində pul tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 27.07.2021-ci il tarixdə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X2 qızının icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Hazırda icra sənədi üzrə borc 8803,40 manat təşkil edir. Tələbkarın nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyərək, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Borclunun məcburi gətirilməsini əsasları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanununun 84.2 və 84.3-cü maddələri) . Göstərilən qanunvericilik normasından da göründüyü ki, icra məmuru borclunun məcburi gətirilməsi ilə məhkəməyə müraciət eədəndək müddəada göstərilən hərəkətləri etməli, daha sonra təqdimatla məhkəməyə müraciət etməlidir. Borclunun məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin qərarı isə 03.03.2022-ci il tarixdə qəbul edilmiş və bu barədə məlumat borcluya göndərilməklə, onun tərəfindən 28.03.2022-ci il tarixdə alınmış, lakin həmin qərardaddan borclu tərəfindən şikayət verilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə təqdimatın təmin edilməsi nəticəsinə gələrkən həm də, çıxarılmış məhkəmə qətnaməsinin uzun müddətdir icra olunmamasını nəzərə alır. Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsində müəyyən edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ özlüyündə şəxsin iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət etməsindən başlayaraq iş üzrə çıxarılmış yekun məhkəmə qərarının icra olunaraq yekunlaşmasınadək olan mərhələni əhatə edir. Buna görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi hesab olunur. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi də imperativ qaydada nəzərdə tutur ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar