Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-456/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 19 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləğini sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına mütənasib indeksasiya edərək alimentin ödənilinəsi ilə bağlı icra üsulunun dəyişilməsinə dair müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 19 fevral 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X2 xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00154 saylı Barışıq Sazişinin 1-ci bəndindən görünür ki, Borclu bəyan edir ki, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü övladı X3 bir uşağa görə 235 manat alimen ödəməyə razıdır və həmin məbləği aprel ayından başlayaraq hər ayın 15-dən 30-dək övladının anası Tələbkar adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. Göründüyü kimi qətnamə ilə aliment tutulduqdan sonra tərəflər qarşılıqlı razılıq əsasında həmin alimentin miqdarının artırılması barədə saziş bağlamışlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 saylı icmal məktubunun 4-cü bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə razılaşdığı xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00154 saylı Barışıq Sazişində alimentin miqdarının indeksasiyası nəzərdə tutulmadığından, tələbkarın hazırki ərizəsindən imtina olunmalı və ona Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: Tələbkar “məhkəmə qətnaməsinin və barışıq sazişinin icra üsulunun dəyişilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-456/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-456/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver