Məhkəmə qərarları › İş №8(011)-46/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-46/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-46/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov borcluya məxsus “Opel Astra” minik markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 9432/2019-006 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin borcludan tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədi təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borcluya məxsus “Opel Astra” minik markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, borcun məbləği göstərilmədən borclunun mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması tələb edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanununun 8.3-cü maddəsinə əsasən İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Bundan başqa, icra məmuru yönəldilə biləcəyi əmlaklar sırasında tələbi öncə borclunun pul vəsaitlərinə yönəltməli olduğu halda, bununla bağlı hər hansı icra hərəkətləri həyata keçirilməmiş, borclunun bank hesablarının olub-olmaması, olduğu halda, həmin bank hesablarında tələbin yönəldilə biləcəyi məbləğdə pul vəsaitinin olub-olmaması kimi hallarını araşdırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra hərəkətlərinin biridir. Lakin icra sənədi üzrə ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (Qanunun 45.2-ci maddəsi). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (Qanunun 45.6-cı maddəsi). Digər bir tərəfdən, icra məmuru borcun hansı məbləğdə olmasını təqdimatda göstərməmişdir. Bu isə verilən təqdimatın qeyri-müəyyən olmasını, borclunun əmlakı üzərinə hansı həcmdə həbs qoyulmasını istisna edir. Belə ki, “İcra haqqında” Qanunun 45.7-ci maddəsində qeyd edilmişdir ki, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, borcun məbləği göstərilmədən onun mülkiyyətində olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı icra haqqında qanunvericiliyin tələbinə zidd olduğundan təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar