Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-478/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Tələbkar nümayəndəsi və vəkili X6, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun iştirakı ilə X5 tərəfindən verilmiş “icra qurumunun rəhbərinin və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad, hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda inşa edilən binadan 83 deyil, 78 saylı ümumi sahəsi 141.5 kv.m olan mənzili alğı-satqı müqaviləsi əsasında X3 almış, xx.xx.2019-cu il tarixdə isə həmin mənzilə hüquqlarının dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir, çıxarışda isə mənzilin ümumi sahəsi 130.5 kv.m göstərilmişdir, icra vərəqəsində digər cavabdeh isə "xxxx" MTK-dır, icra məmuru həmin borclu ilə bağlı hər hansı tədbir görməmişdir, icra prosesi zamanı icra məmuru mülkiyyət hüququ tanınmış mənzilin Tələbkar aid olmasını Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin və Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)- 6501 saylı iddianın təmini tədbiri barədə qərardadının icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla əsaslandırır, icra məmuru icra işinin materiallarını, istinad etdiyi sənədləri dərindən öyrənməmişdir, icra məmuru xəbərdarlığa qoşma olaraq göndərdiyi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarından da məlumatsızdır, həmin qərarın 13-cü bəndinə məhkəmə mənzilləri ümumi sahəsinə görə azdan çoxa görə aparmış və icra vərəqəsində Tələbkar sahiblik və istifadə hüququ tanınmış ümumi sahəsi 141,2 kv.m olan mənzili 82 saylı mənzil kimi qeyd olunmuşdur, ancaq icra məmuruna dəfələrlə bu barədə bildirilsə də, əhəmiyyət verməmişdir, həmçinin icra məmuru icra sənədində göstərilən 83 saylı mənzilin müəyyən edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, alınmış xx.xx.2022-ci il tarixli cavabda həmin mənzilin yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir, bundan başqa icra məmuru təkrarən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edərək icra edilməsi üçün DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş, sonuncu qeyd olunan blokun 13-cü mərtəbəsində liftdən çıxarkən soldan 1-ci mənzilin 78 saylı olduğunu, 83 saylı mənzilin isə yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir, özü 78 saylı mənzilin vicdanlı alıcısı və sahibi olmuşdur, bütün bunlara baxmayaraq icra məmuru təkrarən qanunsuzluğa və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək xx.xx.2023-cü il tarixdə icra qurumunun rəhbəri Vüqar Qasımov tərəfindən təsdiq edilmiş borclunun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir, lakin həmin qərarı ötən dövrdə ona təqdim etməmiş, qərarı xx.xx.2023-cü il tarixdə əldə etmişdir, icra məmuru onun həmin qərardan şikayət vermək hüququndan istifadə etməklə bağlı müddəti pozaraq xx.xx.2023-cü il tarixdə Xətai rayon Məhkəməsinə təqdimat vermişdir, həmçinin qərar çoxsaylı xəbərdarlıqlara baxmayarq icra şöbəsinə gəlmədiyi ilə əsaslandırılmış, halbuki icra qurumu tərəfindən hazıradək ona heç bir rəsmi çağırış gəlməmiş və təyin edilmiş icra proseslərindən telefon vasitəsilə məlumat əldə etmiş, həmin proseslərdə nümayəndəsi (vəkil) onu təmsil etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili Q.D.Sadıqov şikayətə etiraz edərək izahatında bildirmişdir ki, məcburi gətirilmə ilə bağlı qərardan şikayət vermə müddəti keçmişdir, belə ki qərar tərəflərə göndərilmiş, borclu tərəfindən alınmış, 10 gün müddət keçmişdir, daha sonra isə dəftərxanaya şikayət ərizəsi təqdim edilmişdir, bu sadəcə işi dayandırmaq və uzatmaq üçün edilir, məqsəd icra hərəkətlərinin həyata keçirilməsinə süni maneə yaratmaqdır. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X.Məmmədov izahatında bildirmişdir ki, icra işi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuşdur, təyinat üzrə mütəxəssis cəlb edilmiş və rəy alınmışdır, ondan əvvəl icra məmuru tərəfindən borclu Q.Muradov çağırılmış, o isə əmlakı çıxarış əsasında satdığını bildirmiş, işin ona aidiyyatı olmadığını bildirmişdir, bu səbəbdən də məcburi gətirilmə barədə təqdimat verilmişdir, borcluya xx.xx.2023-cü il tarixdə sms-bildirişlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə onunla telefonla əlaqə saxlanılmış, o yaxın qohumunun vəfat etdiyini, buna görə də gələ bilmədiyini bildirmişdir, bu barədə akt da tərtib edilmişdir, “**********” saylı mobil nömrə daima onun istifadəsindədir, borclu çağırışlara gəlmədiyi üçün haqqında xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə qərar verilmişdir, qərar onun ünvanına da göndərilmişdir, borclu Binəqədi rayonu, Cəfər Xəndan ünvanında yaşayır, qətnamə ilə onun və "xxxx" MTK-nın üzərinə mənzilin tələbkara verilməsi barədə öhdəlik qoyulmuşdur, borclu icra işi barədə məlumatlıdır, icra sənədi üzrə könüllü icra müddəti də keçmişdir, əgər qətnamə icra olunsa idi, iş bu zamana qədər uzanmazdı, Q.Muradov hər dəfə qətnamə üzrə öhdəliyinin olmadığını bildirərək çağırışlara gəlmir. Ərizəçi - borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsi və vəkilinin, habelə icra məmurunun izahatını dinləyərək, şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə Tələbkar sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmuş, X8 həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Nobel prospekti 189A ünvanında yerləşən 1 bloklu binanın 13-cü mərtəbəsinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, binanın yaşayış sahələri 2-ci mərtəbədən başlayır, birinci mərtəbə qeyri-yaşayış sahəsidir, mərtəbələrdə olan mənzillər faktiki olaraq "xxxx" MTK tərəfindən nömrələnmişdir, 13-cü mərtəbəyə liftlə qalxarkən soldan 1-ci olan mənzil mübahisələndirilən 83 saylı mənzildir, 3 otaqlıdır və təmirli vəziyyətdədir, cavabdehin razılığı ilə onun qohumu olan X11 7 aydır ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, cavabdehə məxsus 78 saylı mənzil həmim mərtəbədə olmaqla mübahisələndirilən mənzillə üzbə-üz hissədə yerləşir. Həmin Qətnamə ilə məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisələndirilən 83 saylı mənzilə dair "xxxx" MTK və Tələbkar arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmişdir, həmin binanın 13-cü mərtəbəsində olan digər- 78 saylı mənzilə dair Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-6501/2016 saylı qətnaməsi ilə X1 və istifadə hüququ tanınmışdır, həmin məhkəmə qətnaməsi ondan verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilmiş, lakin həmin iş üzrə icraat dayandırıldığından qanuni qüvvəsini almamışdır, bununla bərabər həmin 78 saylı mənzilə cavabdeh Q.Muradovun tam mülkiyyət hüququ vardır, iddiaçıya və cavabdehə aid mənzillərin hər ikisi yaşayış binasının 13-cü mərtəbəsində yerləşir, hər ikisi 3 otaqdan ibarətdir və onlar fərqli mənzillərdir, iddiaçıya məxsus 83 saylı mənzil hazırda cavabdehin sahibliyindədir, lakin o, həmin mənzildə yaşamır və mənzildə hazırda cavabdehin razılığı ilə yaxın qohumu yaşayır. Mübahisəli mənzilin 83 saylı mənzil olmaqla icra hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq cavabdehin faktiki sahibliyində olması, həmçinin müqavilə əsasında iddiaçı mənzilinin 83 saylı, cavabdehin mənzilinin isə 78 saylı olması, hər iki mənzilin 3 otaqdan ibarət olmaqla yaşayış binasının 13-cü mərtəbədə yerləşməsi işin mübahisəsiz hallarıdır. Bununla belə, mübahisəli mənzilə dair iddiaçının əmlak hüquqlarını istisna edən hallar, həmçinin həmin mənzilin cavabdehin əmlak hüquqlarını, o cümlədən istifadə və sahiblik hüququnu müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən X8 Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 189 A, mənzil 78, (ümumi sahəsi 130.50 kv.m) tam paylı xüsusi mülkiyyət hüququ üzrə X7 adına xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Xətai rayon Məhkəməsinin 2(011)- 728/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə Tələbkar sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmuş, X8 həmin mənzildən çıxarılması qət edilmişdir, qətnamə işdə iş iştirak edən şəxslər tərəfindən mübahisələndirilməklə son instansiya məhkəməsini də əhatə etməklə qüvvədə saxlanmışdır, şikayətçi Q.Muradov şikayətində məhkəmə tərəfindən qəbul edilmiş qətnamə üzrə işin hallarını mübahisələndirməklə, bu əsasla həmin qətnamənin icrası üzrə onun barəsində icra məmuru tərəfindən həyata keçirilmiş icra hərəkətlərinin qanunsuz hesab edilməsini, habelə barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “borclunun icra şöbəsinə məcburi gətirilməsi” barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsi ilə Tələbkar Bakı şəhəri, Nobel prospekti 189 A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141,2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulmuş, Q.Muradovun həmin mənzildən çıxarılması qət edilmişdir ki, bu da icra sənədi üzrə borclu Q.Muradov barəsində icra hərəkətlərinin aparılmasını mümkün edir. Digər tərəfdən isə, icra işi ilə bağlı icra tədbirləri, habelə icra məmurunun çağırışına üzürsüz səbəbdən gəlməmiş borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmiş, hazırda da icra işi davam etdirilir, icra məmuru X.Məmmədovun əməlində (hərəkət və hərəkətsizliyində) şikayətin dəlilləri üzrə hər hansı bir pozuntu halları məhkəmə tərəfindən müəyyən edilmir. Belə olan halda, qanunvericiliyə əsasən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra qurumuna çağırılma barədə bildirişlər könüllü icra olunmadığından və borclu icra məmurunun çağırışlarına məhəl qoymadığından, onun barəsində icra məmuru tərəfindən çıxarılmış məcburi gətirilmə barədə qərar qanuni və əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən 78 saylı mənzillin əvvəllər Q.Muradova, həmin ünvandakı 83 saylı mənzilin isə Tələbkar məxsus olması, həmin mənzillərin fərqli mənzillər olması və 83 saylı mənzildə yerləşənlərin borclunun ailə üzvləri olmaları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarıdır və bundan sonra borclunun mülkiyyət hüququ ilə özünə məxsus olduğu mənzili satması, onun tələbkara məxsus fərqli mənzilində yaşadığı barədə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş halların aradan qaldırılmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, borclu Q.M.Muradovun şikayətinin dəlilləri, icra hərəkətlərinin qanunsuz hesab edilməsi, habelə onun Xətai rayon icra şöbəsinə gətirilməsi barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanununun 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X2 “icra qurumunun rəhbərinin və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayəti təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-478/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-478/2023
25.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver