Məhkəmə qərarları › İş №8(011)-50/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-50/2025

15.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-50/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-/2024-011 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Orxan İsrafilov təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığım Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-3168/2024- 011 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1991-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 13987.46 manat məbləğində pul vəsaiti və 133.18 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. "Elektron icra" informasiya sistemində borcluya məxsus iş yeri göstərilsə də, borclu faktiki olaraq işləmir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə, tələbkar məhkəməyə teleqram ilə müraciət edərək işə onun iştirakı olmadan baxılması və təqdimatın təmin edilməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməməyi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 3168/2024-011 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 04 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 13210,40 manat əsas, 759,30 manat faiz borcu, 17,76 manat cərimə borcu olmaqla, cəmi 13987,46 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx"KB ASC-nin xeyrinə tutulmalı, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 129 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən “İcraata başlamaq haqqında” Qərarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3168/2024-011 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Məhkəmə hesab edir ki, borclu icra sənədində göstərilən pul vəsaitini ödəmədiyindən, bununla da, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3168/2024- 011 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-3168/2024-011 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar