Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-501/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil1, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020-009 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1971-ci ildə Meqri rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020-009 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 8(011)501/2023 saylı qərardadından vermiş olduğu şikayəti təmin edilmiş, həmin qərardad ləğv edilməklə təqdimata baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 Xətai rayon Məhkəməsinin 8(011)- 501/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət təmin edilmiş, həmin qərardad ləğv edilərək “Ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” Bakı şəhəri Xətai rayon İcra məmuru tərəfindən verilmiş təqdimata baxılması üçün məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov bildirdi ki, təqdimat verilib, baxılması və qərar qəbul olunması onların marağındadır. Məhkəmə qətnaməsi ilə "xxxx" MTK ilə Borclu üzərinə öhdəlik qoyulub, mənzilin təhvil verilməsi ilə bağlı bununla əlaqədar olaraq icra tədbiləri görülür. O, təqdimat məhkəməyə hazırlanan zaman icra tədbirində olduğu üçün təqdimat Kəmalə Həsənova tərəfindən verilib, təqdimatı başqa icra məmuru versə də, iş onun icraatındadır və təqdimatı müdafiə edir, könüllü icra olunması ilə bağlı müraciət edilib, borclu mənzili təhvil verməli olduğu halda, o da cavab olaraq mənzili satdığını, mənzilin ona məxsus olmadığını bildirmişdir, lakin hazırda mənzildə onun qardaşı oğlu yaşayır, borclunun bununla bağlı öhdəlikləri var, lakin o bu öhdəlikləri yerinə yetirmir, o, qəsdən məhkəmə qətnaməsinin icra edilməsindən boyun qaçırmaqla məhkəməyə hörmətsizlik nümayiş etdirir, ədalət mühakiməsinin nüfuzuna xələl gətir, onun bu əməllərinin nəticəsiz qalması başqa şəxslərin də məhkəmə aktlarının icra edilməsinə münasibətdə məsuliyyətsizlik göstərmələrinə gətirib çıxara bilər. Sonda icra məmuru X.Məmmədov təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, Borclu qeydiyyat yeri Binəqədi rayonudur, buna görə də, Xətai rayon icra şöbəsi ümumiyyətlə səlahiyyətli deyil, bundan başqa təqdimat icra sənədinin icrasını həyata keçirən icra məmuru Xatir Məmmədov tərəfindən deyil, digər icra məmuru Kəmalə Həsənova tərəfindən tərtib olunaraq imzalanmış və qurum rəhbəri Vüqar Qasımov tərəfindən təsdiq edilmişdir. Bütün bunlar icra qurumunun rəhbərinin qərəzli olmasını sübut edir və hərəkətlərinin tam qanunsuz olmasını deməyə əsas verir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Hazırkı təqdimat Borclu konstitusion hüququnu kobud şəkildə pozma kimi qiymətləndirilməli və təqdimat təmin olunmamalıdır, çünki Borclu iş üzrə tələbkar X.Həsənovun iddia etdiyi mənzildə yaşamamış, heç vaxt zəbt etməmiş və hazırda da yaşamır, tələbkarın 83 saylı mənzil olaraq iddia etdiyi və eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixli 2(011)- 728/2020 saylı mülki iş üzrə müəyyən edilmiş (yəni 13-cü mərtəbədə liftdən çıxan kimi sol tərəfdə yerləşən 1-ci mənzil), lakin qanuni əsaslarla 78 saylı mənzil hesab olunan yaşayış sahəsi hazırda başqa şəxsin qanuni mülkiyyətində, hüquqları dövlət reeystrində qeydiyyata alınmış və həmin şəxs 78 saylı mənzilə sahiblik edir. Qeyd olunanlar bir daha göstərir ki, qətnamənin Borclu tərəfindən ona aid hissədə icrası qeyri-mümkündür. Həmin qətnamədə digər borclu "xxxx" MTK olsa da, icra məmuru tərəfindən həmin borclu ilə bağlı faktiki olaraq heç bir tədbir görülmür. İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Şərh etdikləri icra məmurunun Borclu qarşı qərəzli, qanunsuz və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini tam sübuta yetirir. Borcun ödənilməsi, pul tələbi ilə bağlı işlərdə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır. Həmçinin də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına heç bir əsas yoxdur. Sonda Vəkil1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xətai rayon icra şöbəsinin təqdimatının təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun nümayəndəsi və vəkili, həmçinin icra məmurunun izahatını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Nobel prospekti, 189A ünvanında yerləşən bir bloklu yaşayış evinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 141.2 kv.m olan 83 nömrəli 3 otaqlı mənzilə Tələbkar sahiblik və istifadə hüququ tanınması, cavabdehlərin üzərinə həmin mənzilin Tələbkar təhvil verilməsi öhdəliyi qoyulması, Borclu həmin mənzildən çıxarılması, Borclu dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 10 (on) manat pul məbləği tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar və bildirişin surəti tərəflərə göndərilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.1971-ci ildə Meqri rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, ərizəçi Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımov və icra məmuru Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, onun məcburi gətirilməyi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul olunması və hər iki şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə barələrində cinayət işi başlanılması üçün xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməsi ilə bağlı şikayəti Bakı şəhər Xətai rayon Məhkəməsinin 8(011)-478/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 264/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Məhkəmə hesab edir ki, borclu qərarın və könüllü icra barədə bildirişin surətini almasına baxmayaraq, icra sənədində göstərilən öhdəliyini yerinə yetirmədiyindən, bununla da, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mümkün olmadığından, habelə borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyindən icra məmurunun təqdimatı təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1971-ci ildə Meqri rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan borclu - Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 728/2020-009 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-501/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-501/2023
20.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver