Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-521/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5506/2022-010 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə anadan olmuş və Suraxanı rayonu Ş.Məhərrəmov küç 46, 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu X1 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X3 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron İcra" sisteminə sorğular göndərilmiş, borclunun heç bir əmlakı aşkar edilməmişdir. Hal-Hazırda 2895 manat aliment borcu mövcuddur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və nəticədə 772 manat aliment borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq təqdimatda icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə borclu, icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5506/2022-010 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, cavabdeh X1 17 oktyabr 2021-ci il tarixdə doğulmuş Nəfəsin saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 27 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5506/2022-010 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində olan çıxarışdan görünür ki, X2 mülkiyyətində “X7” minik markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunolaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi qanunverici borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə əsası kimi icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatında borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini əsaslandırmamışdır. Bununla yanaşı iş materiallarına əlavə edilmiş digər sübut və dəlillərlə borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda da göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda - icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X4 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 26 may 2017-ci il tarixli qərarında göstərilir ki, “İcra haqqında” Qanunun və Təlimatın (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın) müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət etməlidir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Eyni zamanda həmin Qərarda qeyd olunur ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən bu cür tədbirin həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialları ilə hazırda X2 icra sənədinin icrasından qərəzli olaraq yayınması təsdiq olunmadığından, həmçinin icra sənədi üzrə borc məbləğinin yönəldilməsi üçün əmlakının olması nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş borclu X2 ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-521/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-521/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver