Məhkəmə qərarları › İş №8(011)-523/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-523/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-523/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1804/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1804/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 80000 manat pul vəsaiti tutularaq Tələbkar1 və Tələbkar2 Ağaəli oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında xx.xx.2013-cü il tarixli müqavilə əsasında Borclu verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində 452 nömrəli bağ torpaq sahəsi müəyyən edilmiş və həmin bağ torpaq sahəsinin tələbkara təklif edilməsi vəzifəsi qoyulmuşdur. Borcluya məxsus bağ torpaq sahəsi tələbkara təklif edilmiş, tələbkar tərəfindən qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi baradə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1804/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar1 və Tələbkar2 Ağaəli oğlunun xeyrinə, vurulmuş maddi ziyan kimi, 80.000 (səksən min) manat tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı xx.xx.2024-cü il tarixli məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, ərizəçinin istinad etdiyi “İcra Haqqında” AR Qanunun 50-ci maddəsi borcluya məxsus olan əmlakı ehtiva edir. İş materiallarından isə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi borclunun mülkiyyətinə verilməmiş, sadəcə müqavilə əsasında onun istifadəsinə verilmişdir. Belə olan halda isə həmin torpaq sahəsinin tələbkara təklif edilməsi, habelə satılmadığı təqdirdə tələbkara yenidən təklif edilməsi mümkün deyildir. Həmçinin həmin müqavilədən görünür ki, müqavilə 10 il müddətinə bağlanılmış, müqavilə öhdəliklərini yerinə yetirildikdə müqavilənin yeni müddətə artırılması da qeyd edilmişdir. Həmin qərardaddan Tələbkar1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsinə və Tələbkar1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliyin qoyulması barədə şikayətinin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını, şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını, şikayət ərizəsində qeyd olunan müqavilə ilə bağlı göstərilən il tarixi texniki səhv olaraq, 2003-cü il əvəzinə 2013-cü il göstərilməklə, yanlışlığa yol verildiyindən, həmin müqavilənin il tarixini 2003-cü il tarixi olaraq qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 8(011)-638/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-294/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011) 638/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi, Tələbkar1 tərəfindən verilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Ceyhun Həmidovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətçi Tələbkar1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçinin istinad etdiyi “İcra Haqqında” AR Qanunun 50-ci maddəsi borcluya məxsus olan əmlakı ehtiva edir. İş materiallarından isə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi borclunun mülkiyyətinə verilməmiş, sadəcə müqavilə əsasında onun istifadəsinə verilmişdir. Belə olan halda isə həmin torpaq sahəsinin tələbkara təklif edilməsi, habelə satılmadığı təqdirdə tələbkara yenidən təklif edilməsi mümkün deyildir. Həmçinin həmin müqavilədən görünür ki, müqavilə 10 il müddətinə bağlanılmış, müqavilə öhdəliklərini yerinə yetirildikdə müqavilənin yeni müddətə artırılması da qeyd edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırda Borclu məxsus əmlak aşkar edilməmişdir. Həmin qərardaddan Tələbkar1 nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsi və şikayəin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(011) 638/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-377/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011) 638/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və şikayətə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, borclunun qətnamənin icrası ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağın tələbkara verilməsinə etirazı olmamışdır. Belə olan halda icra hərəkətləri zamanı qətnamənin icrası ilə bağlı qeyd olunan torpaq sahəsinin üzərində yerləşən bağın tələbkara təklif edilməsi və ya icra məmuru tərəfindən hansı icra hərəkətlərinin həyata keçirilməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinin üzərində yerləşən 452 nömrəli bağın borclunun mülkiyyətində olmaması hazırki şikayətin rədd edilməsi üçün əsas deyil, çünki Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinin üzərində yerləşən 452 nömrəli bağın borclunun mülkiyyətinə verilməsə də, hazırda borclunun iradə ifadəsi həmin əmlakın qətnamənin icrası ilə bağlı tələbkara təklif edilməsindən ibarətdir və bu zaman icra məmuru yuxarıda qeyd edildiyi kimi icra tədbirləri qismində belə bir təklifin tərəflər arasında razılaşdırılması halını müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi də həmin hala ümumiyyətlə qiymət verməmişdir. Halbuki, qətnamənin və onun əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tərəflərin iradə ifadəsi ilə razılaşdırılmış halları həyata keçirmək üçün icra məmuru tərəfindən bütün mümkün halların tətbiqi onlarla müzakirə edilməli, borcluya icra sənədinin icra edilməməsi ilə bağlı inzibati və cinayət məsuliyyəti daşınması onun nəzərinə çatdırılmalıdır. Göründüyü kimi qeyd olunan 0.07 ha torpaq sahəsinin üzərində yerləşən 452 nömrəli bağ borclunun mülkiyyətində olmasa belə, borclunun iradə ifadəsi həmin torpaq sahəsinin üzərində yerləşən 452 nömrəli bağın tələbkara təklif edilməsindən ibarət olmuşdur. Göstərilənlərin icra məmuru tərəfindən həyata keçirilməsi baş vermədiyi təqdirdə onun hərəkətsizliyinə müvafiq hüquqi qiymət verilməlidir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 638/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətçi Tələbkar1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilmiş, xx.xx.2013-cü il tarixli müqavilə əsasında Borclu verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağ torpaq sahəsini Tələbkar1 təklif edilməsi və borclu barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 1804/2015 nömrəli icra sənədi üzrə hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidova həvalə edilmişdir. Bundan sonra Tələbkar1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2003-cü il tarixli müqavilə əsasında Borclu verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsini Tələbkar1 təklif edilməsi vəzifəsini və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsini Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Ceyhun Həmidovun) üzərinə qoyulması və hüquqi yardıma görə ödənilmiş 120 manat və xx.xx.2024-cü il tarixli etibarnamənin alınması üçün ödənilmiş 17,25 manat xərcin cavabdehdən tutulmasına dair əlavə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı xx.xx.2024-cü il tarixli əlavə qərardadı ilə ərizə qismən təmin edilmiş, xx.xx.2003-cü il tarixli müqavilə əsasında Borclu verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsini Tələbkar1 təklif edilməsi vəzifəsi və borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icra məmuru Ceyhun Həmidovun) üzərinə qoyulması qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edilmiş, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, borclunun yetərli pul vəsaitləri olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat təmin edilərək, həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində 452 nömrəli bağ torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar