Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-53/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, Borclu1 iştiarkı ilə, X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 990/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-990/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsi 03 iyun 2011ci il tarixdə iddiaçı X4 tərəfindən verilən iddiaya əsasən cavabdehlər Borclu2 və X2 onun şəxsi mülkiyyətində olan 6.0 kv.m-lik torpaq sahəsində etdikləri qəsd və maneçiliklərə son qoyulmasına dair mülki işə baxaraq, Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi ev 26A saylı evin cavabdehlər tərəfindən zəbt olunmuş 6.0 kv.m-lik sahəsini cavabdehlərin hesabına əvvəlki vəziyyətinə bərpa edilməklə iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul etmiş və həmin qətnaməyə əsasən 29 iyul 2011-ci il tarixdə icra vərəqəsi verilmişdir. Qeyd olunan icra sənədi Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraat başlanılmışdır. Lakin qətnamə uzun müddət icra olunmadığından iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət olunmuşdur. Cavab olaraq bildirilmişdir ki, icra sənədinin icrası üçün zəruri tədbirlərin davam etdirilməsi yerli quruma tapşırılmışdır. Eyni zamanda yerli qurum tərəfindən səbəb kimi qeyd olunur ki, icraat zamanı qeyd olunan sahənin müəyyən edilməsi mütəxəssis dəvət edilmiş, lakin heç bir müsbət nəticə əldə etmək mümkün deyildir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-990/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 26A saylı evin cavabdehlər Borclu2 və Borclu1 tərəfindən zəbt olunmuş 6,0 m2-lik sahəsini cavabdehlərin hesabına əvvəlki vəziyyətinə bərpa edilməklə iddiaçının mülkiyyətinə qaytarılması qət olunmuşdur. Tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş edərək, bildirdi ki, iş üzrə iki ekspertiza rəyi mövcud olduğundan məhkəmə qətnaməsi icra şöbəsi tərəfindən icra olunmadan icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilmişdir. Hazırda həmin qərardan şikayət verilmiş və məhkəmənin icraatındadır. Borclu1 məhkəmə iclasında Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 26A saylı evin 6,0 m2-lik sahəsinin boş olduğunu bildirərək, ərizəyə etiraz etdi. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan görünür ki, icra məmuru Vüsal Umarov tərəfindən xx.xx.2011-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-990/2011 saylı icra sənədi icra olunmadan Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, X1 nümayəndəsi və vəkili Vəkil Xətai Rayon İcra Şöbəsinin xx.xx.2011-ci il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra şöbəsi tərəfindən icra sənədinin qaytarılması barədə qərar qəbul olunaraq, icra sənədi məhkəməyə qaytarıldığından və həmin qərar ləğv edilmədiyindən qətnaməyə izah verilə bilməz. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 990/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-53/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-53/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver