Məhkəmə qərarları › İş №8(011)-530/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-530/2022

10.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-530/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova borclunun mülkiyyətində olan "HYUNDAİ SONATA" minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA" minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1092/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcludan 2801 manat məbləğində pul vəsaiti və 46,52 manat dövlət rüsumu Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsilə sorğular əldə edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən borclunun adında "HYUNDAİ SONATA " minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı və “MERSEDES 200" yük markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədilə borclunun əmlaklarının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Hazırda icra sənədi üzrə borc 2847,52 manat məbləğində pul vəsaiti təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, iş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Belə ki, iş materiallarında olan borclu şəxsin əmlakına dair elektron məlumatlar əsasında müəyyən edilir ki, "HYUNDAİ SONATA" minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı və “MERSEDES 200" yük markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillər borclunun adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən borc ödənilmədiyindən, bununla da pul məbləğinin borcludan tutulmasınının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmuru haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Lakin məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, avtomobillərdən yalnız "HYUNDAİ SONATA" markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə hesab edir ki, borclunun borcuna mütənasib olaraq yalnız bir avtomobilin üzərinə bəbsin qoyulması qətnamənin icrası üçün yetərli həddədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən müddəanın mənasından da göründüyü kimi, qanun tələb edir ki, tətbiq edilən məhdudiyyət icra tədbirinə mütənasib olmalı və qətnamənin icrası məqsədlərindən həddən artıq kənara çıxmamalıdır. Başqa sözlə, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyulmalıdır. Lakin təqdimatdan da görünüdüyü kimi, borclunun 2847,52 manat borcu olduğu halda, ona məxsus 2 ədəd müxtəlif markalarda olan avtomobillərin üzərinə həbsin qoyulması görülən icra tədbirinə mütənasib olmamaqla, həm də qətnamənin icrası məqsədlərindən kənara çıxır. Nəzərə alınmalıdır ki, görülən icra tədbiri qətnamənin icrasına xidmət etsə də, bu borclunun həddən artıq ağır maddi vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ödənilməli olan borc məbləğinə mütənasib olmaqla təqdimat qismən təmin edilməli, borcluya məxsus bir - "HYUNDAİ SONATA" markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avrobomilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "HYUNDAİ SONATA" markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar