Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-553/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Tələbkar "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon İcra şöbəsinin icra məmuru X5 Ryaon Məhkəməsinin 2(011)-2932/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədinin geri qaytarılması barədə 17 mart 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Tələbkar "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti şikayət ərizsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, Türkay Yusiflinin 17 mart 2024-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi və Xətai rayon Məhkəməsinin 2(011)-2932/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöoəsinin icraatında olan, Xətai Rayon Məhkəməsinin 2(011)-2932/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan Borclu tələbkar "xxxx" Sığorta şirkəti ASC-nin xeyrinə cəmi 475.40 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. İşin gedişatından göründüyü kimi Xətai Rayon Məhkəməsinin 2(011)-2932/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə Borclu ümumilikdə 475.40 manat pul vəsaitinin tutlması qət edilmiş və icra məmuru X2 icraatına verilsə də qeyd olunun icra sənədini icra etmək əvəzinə, icra tədbirlərini tam görmədən, tələbkara heç bir rəsmi məlumat vermədən işi məhkəməyə qaytarmaqda əvvəldən maraqlıdır. Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, Türkay Yusifli icra sənədinin qaytarılması haqqında qərar qəbul etdiyi andan “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 9.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. Lakin göründüyü kimi icra məmuru qanun tələblərinə əməl etməmiş və qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa borclunun yaşayış yerini aşkar edilməsinin mümkün olmadığını və sistem üzrə əmlakının olmamasını əsas gətirərək icra sənədinin icra olunmadan qaytarılmasına qərar vermişdir. Göründüyü kimi icra məmuru icra sənədini icra etmək əvəzinə min bir bəhanələr gətirərək borclunun axatarılmasını və qanunvericiliklə nəzərdə tutulan digər tədbirləri görmək niyyətində olmadığı müəyyən olunur. Qeyd olunanlara görə hesab edir ki, Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, Türkay Yusiflinin 17 mart 2024-cü il tarixli qərarı ləğv edilməli və Xətai Rayon Məhkəməsinin 2(011)-2932/2020 saylı, 08 sentyabr 2020- ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qanunvericiliyin tələblərindən aydın olur ki, icra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verməli olduğu halda, tələbkar olan "xxxx" Sığorta şirkəti ASC-yə rəsmi məlumat verməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, icra məmuru bu haqda müvafiq aktın tərtib etməsi və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması barədə tələbkara məlumat verməmişdir. Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, Türkay Yusifli 17 mart 2024cu il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 2(011)- 2932/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılması barədə məlumatı tələbkar tərəfindən vahid məhkəmə portalına 06 may 2024-ci il tarixdə baxılan zaman icra məmuru tərəfindən yüklədiyini aşkar etmişdir. Məhkəmə iclasında tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisəsi gedən mülki iş üzrə icra işinin materiallarının təqdim edilməsi üçün sorğu ünvanlansa da Xətai rayon İcra şöbəsi tərəfindən icra işi materialları məhkəməyə təqdim edilməmişdir. İşdə iştirak edən şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)-2932/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu vurulmuş zərərə görə 455 manat sığorta ödənişi, 20.40 manat dövlət rüsumu olmaqla, cəmi 475.40 manat pul vəsaitinin alınaraq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. 17 mart 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)-2932/2020 saylı icra vərəqəsinin qaytarılması barədə qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ünvanında olmuş, sonuncunun orada yaşamadığını müəyyən etmiş və bu barədə akt tərtib etmişdir. Həmçinin, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Odur ki, “İcra haqqında” Qanunun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə görə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda və 23.1.3-cü maddəsinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəmə şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət əsaslıdır. Belə ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən hansı hərəkətlərin həyata keçirildiyini müəyyən etmək üçün tələb edilsə də, icra işi materialları məhkəməyə təqdim edilmədiyindən icra məmuru tərəfindən icra sənədinin qaytarılması barədə qərarda qeyd edilən halları (icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ünvanında olmuş, sonuncunun orada yaşamadığını müəyyən etmiş və bu barədə akt tərtib etmişdir. Həmçinin, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir.) müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən könüllü və məcburi icra tədbirləri tam şəkildə həyata keçirilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, şikayət əsaslıdır. Odur ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusili tərəfindən qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)-2932/2020 saylı icra sənədinin qaytarılması haqqında 17 mart 2024-cü il tarixli qərar ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)-2932/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Tələbkar "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusili tərəfindən qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)- 2932/2020 saylı icra sənədinin qaytarılması haqqında 17 mart 2024-cü il tarixli qərar ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)- 2932/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-553/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-553/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver