Məhkəmə qərarları › İş №8(011)-565/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-565/2023

19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-565/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 20 aprel 2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1449/2023-007 saylı, 06 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 35.000 manat məbləğində pul vəsaiti və 195 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 19 aprel 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü icra edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə iclasında tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1449/2023- 007 saylı, 06 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 35.000 manat məbləğində pul vəsaiti və 195 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 8(011)-565/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 8(011)-565/2023 saylı qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 8(011)- 565/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 8(011)565/2023 saylı qərardadı ləğv edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1449/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən borclu tərəfindən apellyasiya verilmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə yuxarı instansiya məhkəməsinə göndərilmiş, məhkəmənin icraatına qəbul edilmiş və şikayətə baxılması 10 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Nə qədər ki, hazırda sözügedən qətnamə qanuni qüvvəsini almamışdır və yuxarı instansiya məhkəməsində mübahisələndirilir, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar