Məhkəmə qərarları › İş №8(011)-575/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-575/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-575/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, iddiaçı X9 cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia qaldırmışdır. X7 cavabdeh X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi, iddia müddətini ötürdüyünə görə təmin olunmaması, bununla bağlı qəbul olunmuş müvəqqəti təminat tədbirinin ləğv olunması və cavabdehin almış olduğu 51650 manat pul vəsaitinin, 245 manat dövlət rüsumu və 100 manat müdafiə xərclərinə görə sərf etdiyi pul vəsaitlərinin qaytarılmasını tələb etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1915/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Bakı Apellasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5306/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Fərid Vəliyevin apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1915/2023 saylı, xx.xx.2023 tarixli qətnaməsi qismən, yəni ilk iddianın təmin edilmədiyi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilərək cavabdeh Rasim Ağcayevdən 197450 manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 488 manatın alınaraq ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-529/2024 qərarı ilə cavabdeh Rasim Ağcayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5306/2023 nömrəli işi üzrə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X1 banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 197.938 manat borc və 13855.66 manat icra ödənişi həcmində həbs qoyulması qərara alınmışdır. X2 Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli olduğunu hesab etmişdir. Ağcayev Rasim hesab etmişdir ki, icra məmuru məcburi icra tədbirlərinin tətbiqi üçün ilk növbədə icraata başlamaq haqqında qərarı borcluya təqdim etməli və icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. Ağcayev Rasim bildirmək istəyir ki, icra məmuru tərəfindən bu pozuntulara yol verilmiş, icra məmuru tərəfindən borclunun banklarda və digər kredit təşkilatlarında olan manat və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 197.938 manat borc və 13855.66 manat icra ödənişi həcmində həbs qoyulması barədə qərar qəbul edilməsi qeyd olunan normanın tələblərinə ziddir. Bundan başqa borclu və tələbkarın icra hərəkətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqları vardır. Həmin hüquqların sırasında barışıq sazişi bağlamaq, tələbkar tərəfindən icra sənədinin icra olunmadan geri qaytarılması barədə ərizə vermək, tərəflərin barışığı əsasında icra sənədi üzrə icraata xitam verilməsi, tələbkarın icra sənədinin icrasından imtina etmək hüququ, borclunun icra sənədinin hissə-hissə icra edilməsi üçün müraciət etmək və sair hüquqları vardır. Həmin hüquqlar realizə olunarkən hər hansı bir icra ödənişinin edilməsi nəzərdə tutulmamışdır. Lakin bu qərar borclunun həmin hüquqlarını məhdudlaşdırır və kobud şəkildə pozur. Məhkəmə qətnaməsi tam icra olunmamış borclunun banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 13855.66 manat icra ödənişi həcmində həbs qoyması barədə qərar qəbul edilməsi, yəni məhkəmə qətnaməsi üzrə tutulmuş borcun hansı hissəsində məcburi icra tədbirlərinin nəticəsi olaraq ödənildiyi aydınlaşdırılmamış belə bir qərarın qəbul edilməsi qanunvericiliyə tamamilə ziddir. Borclu göstərilənləri nəzərə alaraq, onun banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 197.938 manat borc və 13855.66 manat icra ödənişi həcmində həbs qoyulması barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, məhkəmədən Xətai rayon İcra şöbəsinin 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda izahatında bildirmişdir ki, borcluya məxsus bank hesablarında pul vəsaiti yoxdur, həbsin qoyulması qətnamənin icrasını daha da çətinləşdirəcəkdir. Bununla yanaşı borclu qeyd etmişdir ki, mülkiyyətində əmlaklar mövcuddur və icraçı tərəfindən həmin əmlakların üzərinə həbs qoyulması daha məqsədəuyğundur. Məhkəmə iclasında Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov izahatında bildirmişdir ki, borcluya məxsus bank hesablarına həbs qoyulmuşdur, lakin hesablarda pul vəsaiti müəyyən edilməmişdir. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədindən müəyyən edilir ki, cavabdeh X3 197450 manat və və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 488 manat alınaraq iddiaçı X8 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 30 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 30 aprel 2024-cü il tarixli tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında qərarın surətindən görünür ki, borclu X6 (VÖEN **********) banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri və başqa sərvətləri üzərinə 197938 manat borc və 13855,66 manat icra ödənişi həcmində həbs qoyulması qərara alınmışdır. İcra işi materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 08 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, X4 hesablaşma hesabına həbsin qoyulması təmin olunmuşdur. İcra işi materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 15 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, X4 "xxxx" ASC-dəki hesabına həbs qoyulmuşdur. İcra işi materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(103)-5306/2023 saylı icra vərəqəsi icraya qəbul edilmiş və müvafiq tədbirlər görülmüşdür. İcra işi materiallarında olan "xxxx" ASC-nin Xətai rayon İcra şöbəsinə ünvanlanmış 07 may 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(103)-5306/2023 saylı icra sənədi üzrə X1 bank hesabları bağlı olduğu üçün həbs qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, X4 mülkiyyətində “Nissan Teana” minik markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil, Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 0.1178 ha torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 77.60 kv.m olan 2 otaqlı mənzil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 43.1-ci maddəsində məcburi icra tədbirləri müəyyən edilmişdir. Onlara borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər aiddir. Həmin qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. Beləlilə, işdə olan sübutlarla təsdiq edilir ki, borclunun mülkiyyətində bir neçə əmlak mövcud olsa da, həmin əmlakların üzərinə həbsin qoyulması daha məqsədəmüvafiq olduğu halda borclunun heç bir pul vəsaiti olmayan bank hesablarına həbsin qoyulması icra sənədinin icrasını çətinləşdirə biləcəyindən, X1 nümayəndəsi və vəkili Vəkil şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə Mehdi Zeynalovun 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarı ləğv edilməli, həmin qərarın icrasını təmin etmək üçün icra məmuruna borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5306/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarından verilən şikayət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun 30 aprel 2024-cü il tarixli “tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi” haqqında qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 nömrəli 09 oktyabr 2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra məmuruna borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar