Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-600/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkar, Borclu-ərizəçi X1 iştirakları ilə, Borclu-ərizəçi X1 ölkə hüdudlarından kənara getməyinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə borclunun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Borclu-ərizəçi X2 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun ölkə hüdudlarından kənara getməyinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-4137/2021-012 saylı, 24 iyun 2022-ci il tarixli icra sənədinə əsasən borcludan 32.274,50 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda göstərilən icra sənədinin icrası borclu tərəfindən icra edilir. Belə ki, borclu hər ay tələbkarın bank hesabına adıçəkilən icra sənədinin icrası ilə əlaqədar 500 manat məbləğində pul ödəyir, icra sənədi üzrə qeyd edilən borc məbləğindən artıq borclu tərəfindən 11.500 manat pul ödənilmişdir. Bununla yanaşı borclu tələbkarla birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün tələbkarın bank hesabına 500 manat aliment ödəyir. Göründüyü kimi borclu icra sənədi üzrə öhdəliklərindən yayınmır və icra edir. Bundan başqa borclunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə Xətai rayon İcra Şöbəsinin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. Lakin bütün bunlarla yanaşı Xətai rayon İcra şöbəsinin təqdimatına əsasən Xətai Rayon Məhkəməsinin qərardadı ilə borclunun ölkə hüdudlarından kənara getməyinə məhdydiyyət qoyulmuşdur. Hal-hazırda borclunun ölkə hüdudlarından kənara getməyinə qoyulmuş məhdudiyyətin götürülməsi zərurət təşkil edir. Belə ki, borclu hazırda ikinci qrup əlildir. Əlilliyinin səbəb-əlaqəsi yəni diaqnozu ağır İnfeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəlivi, İİV-infeksiyası 3 klinik mərhələ, Kandidoz xəstəliyi ilə təzahür olunan İİÇV xəstəliyi. Oral kandidoz. Generaliza olunmuş (persista edan) limfadenopativa ilə təzahür olunan İİÇV xəstəliyidir. Göründüyü kimi borclu ağır xəstəlikdən əziyyət çəkir və xəstəliyi ilə bağlı müalicə və müayinə məqsədi ilə ölkə hüdudlarından kənara getməyi zərurət təşkil edir. Belə ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaranmışdır. Eyni zamanda əlilliyə görə 1.380 manat pensiya alır. Həmçinin borclu icra sənədinin icrasından boyun qaçırmır. Borclunun ölkədən getmək hüququ o halda məhdudlaşdırıla bilər ki, borclu adıçəkilən məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməsin. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi Qaydaları” haqqında Təlimatın 2.2.2-ci bəndinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi borclu icra sənədini könüllü şəkildə icra edir. Bundan əlavə borclu hazırda ailəlidir və ikinci nikahdan övladı da var. Borclunun ölkədən getmək hüququ o halda məhdudlaşdırıla bilər ki, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməsin. Göründüyü kimi borlcu borcun icrasından yayınmır və yuxarıda da qeyd etdiyi kimi bu günə qədər tələbkara 11.500 manat pul ödəmişdir. Məhkəmə iclasında izahat verən Tələbkar ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən borclu-ərizəçi X2 ərizənini təmin edilməsini və məhdudiyyətin götürülməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 8(011)-1077/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş və borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan borclu şikayət vermiş, şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-12/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 8(011)- 1077/2022 saylı qərardadı ləğv edilmiş və iş təqdimata baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 8(011)-170/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş və borclu X1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan borclu şikayət vermiş, şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-115/2023 saylı 18 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 8(011)- 170/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Yuxarıda göstərilən normanın məzmunundan göründüyü kimi borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhkəmə qərarı əsasında məhdudlaşdırılsa da, həmin məhdudiyyətin götürülməsi məhkəmənin səlahiyyətləri daxilində olmayıb müvafiq icra qurumunun qərarı əsasında götürülür. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, hazırkı ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu-ərizəçi X1 ölkə hüdudlarından kənara getməyinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə X1 ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-600/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-600/2024
10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver