Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-602/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkar, X1 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 okyabr 2022-ci il tarixli 2(011)-6180/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar 10 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 21:00-a qədər və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a qədər sərbəst şəkildə görüş vaxtının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2020-ci il təvəllüdlü X3 müalicə almasını, dərman qəbul etməsini, səhhətində problemlərin olmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsinin icrası üsulu və qaydasını müvəqqəti olaraq dəyişdərərək oğlu X3 5 yaşı tamam olana qədər – 10 sentyabr 2025-ci ilə qədər iddiaçı Tələbkar övladı ilə görüş vaxtının hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 okyabr 2022-ci il tarixli 2(011)-6180/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının 10 sentyabr 2020-ci il təvəllüdlü oğlu Əbutalib ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 21:00-a qədər və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a qədər sərbəst şəkildə görüş vaxtı müəyyən edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 okyabr 2022-ci il tarixli 2(011)- 6180/2022 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmiş, iddiaçı Tələbkar övladı 10 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə görüş vaxtı hər həftənin şənbə günü saat 11:00-dan 19:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. N.Heydərovanın uşağı azyaşlıdır, 3 yaşı tamam olmayıb. Uşağın səhhətində bir sıra problemlər var. 08 iyun 2023-cü il tarixdə uşağına nevropotoloq tərəfindən nitqin ləngiməsi diaqnozu qoyulub, həkim psixiatrın müayinəsinə göndərilib. 22 iyun 2023-cü il tarixdə oğlu psixiatr müayinəsindən keçib və övladına nitq inişafının spesifik pozulması diaqnozu qoyulub, müvafiq müalicə təyin olunub. Eyni zamanda oğlu X5 anemiya-İİ dərəcə (D64,9) diaqnozu ilə pediatr tərəfindən dispanser qeydiyyatına alınıb və müvafiq müalicə təyin edilib. Hazırda övladı hər iki diaqnozla bağlı müalicə alır. O, atanın övladı ilə görüşməyinə etiraz etmir. Lakin danışa bilməyən, fikrini ifadə edə bilməyən, qan azlığından əziyyət çəkən övladının 8 saat atası ilə ünsiyyətdə olması hazırda uşağın sağlamlığı üçün təhlükəlidir. Belə ki, övladı müəyyən saatlarda dərman qəbul edir, qidalarına onun tərəfindən nəzarət edilir. İddiaçı uşağın azyaşlı olmasını nəzərə almadan uşağa onun sağlamlığı üçün ziyanlı olan qidalar və içkilər verir. Uşaq atası ilə birlikdə olanda düzgün qidalanmır. O, məcburiyyət qarşısında qalaraq iddiaçının uşağı apardığı kafelərə gedərək uşağa hansı qidaları verdiyi ilə maraqlanır. Dəfələrlə iddiaçıya etirazını bildirsə də, o, yenə də öz bildiyi kimi edir. Uşaq danışa bilmir deyə atasının aldıqları ilə kifayətlənir. N.Hüseynova qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 31 iyul 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına istinad edilərək Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında tələbkar ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini dəyişdirdiyinə görə, icra üsulunun və qaydasının verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, N.Hüseynovanın gətirdiyi əsaslar qətnamənin icrası üsulunun dəyişdirilməsi və ya hissə-hissə icrası üçün əsas olmamaqla qüvvəsini almış məhkəmə qətnaməsi ilə valideynlə uşağın görüş saatlarının dəyişdirilməsi ilə bağlıdır. Bu isə qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1 ərizəsi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(103)-803/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1 ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-602/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-602/2023
16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver