Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-610/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu barəsində məcburi gətirmə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4377/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilməli, Tələbkar övladı xx.xx.2017-ci il təvəllüdlü X2 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-a dək görüşüb ünsiyyətdə olması müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməli və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. İcra sənədi xx.xx.2023cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclunun nümayəndəsi məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclu dəfələrlə uşağı atası ilə görüşmək üçün aparıb, ancaq uşaq özü atası ilə görüşmək istəmir. Məhkəmə tərəfindən ünsiyyət vaxtı bazar günü təyin olunub, tələbkar isə həftə içi uşaqla ünsiyyətdə olmaq istəyir. Tələbkar sonuncu dəfə xx.xx.2024-cü il tarixdə övladı ilə ünsiyyətdə olmuşdur. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasına gəlməmişlər. Lakin, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Borclunun məcburi gətirilməsinin əsasları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda, icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanununun 84.2 və 84.3-cü maddələri). Göstərilən qanunvericilik normasından da göründüyü ki, icra məmuru borclunun məcburi gətirilməsi ilə məhkəməyə müraciət edənədək qeyd edilən müddəada göstərilən hərəkətləri etməli, daha sonra təqdimatla məhkəməyə müraciət etməlidir. İş materialları ilə müəyyən edilir ki, borclunun məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin qərarı qəbul edilmiş və bu barədə məlumat borcluya göndərilməklə onun tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış, lakin həmin qərardaddan borclu tərəfindən şikayət verilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, borclunun məcburi gətirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya icra məmuru tərəfindən əməl olumuşdur. Borclu tərəfindən isə yetkinlik yaşına çatmayan Vaqif Məmmədovun atası-tələbkarla ünsiyyətinə maeə yaradan sübutlar iş materiallarında mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4377/2023-006 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X2 oğlu ilə hər həftənin bazar günü və icra vərəqəsi ilə müəyyən edilmiş digər günlərdə ünsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, həmin tarixə mütəxəssisin iştirakı ilə tələbkarın övladı ilə ünsiyyətdə olması üçün görüş təyin edilmiş, borclu uşaqla birlikdə təyin olunmuş vaxtda İcra şöbəsinə gəlmiş, lakin tələbkarın övladı ilə ünsiyyətdə olmasına maneələr yaratmışdır. Aktda qeyd edilir ki, icra prosesi 14:30-dan 15?05-dək davam etmiş, bu vaxt borclu 3 dəfə qapını açaraq icra prosesinə müdaxilələr etmiş, sonuncudan sonra uşaq atası ilə ünsiyyətdən imtina etmişdir. Həmçinin, iş materialalrında olan xx.xx.2024-cü il tarixli telefonoqrammanın surətindən görünür ki, icra məmuru tərəfindən həftənin cümə günü borclu ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, borclu övladını atası ilə görüşdürməyəcəyini icra məmuruna bildirmişdir. Daha sonra, borclu xx.xx.2024-cü il tarixdə icra məmuruna mobil telefon vasitəsilə ismarıc göndərərək bildirmişdir ki, icra sənədində uşağın atası ilə həftənin bazar günləri ünsiyyətdə olması müəyyən edilmişdir, o, hər həftənin bazar günü uşağı görüşə aparır, həftənin şənbə günləri işləyir. Buna baxmayaraq, borclu xx.xx.2024-cü il tarixdə, yəni həftənin bazar günü, icra məmuruna mobil telefon vasitəsilə ismarıc göndərərək bildirmişdir ki, o, uşaqla birlikdə Neapol dairəsi adlanan yerdə tələbkarı gözləmiş, lakin tələbkar gəlməmişdir. Lakin uşaqla ünsiyyət yerinin Neapol dairəsi adlanan yerdə kim tərəfindən təyin edilməsi, yaxud bununla bağlı təfərlərin özləri arasında həmin yerdə icranın təyin edilməsi barədə işdə hər hansı bir sübut yoxdur, borclu tərəfindən bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, borclunun nümayəndəsi məhkəmə iclası zamanı izahatında təqdimatın məhkəmədə baxıldığı müddətdə tələbkarın övladı ilə ünsiyyətinə şərait yaradılmamasını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünsiyyət hüququ valideynlərdən öncə uşaqların mənafelərinə xidmət edir. Uşaqların psixi inkişafında, şəxsiyyətinin formalaşmasında, ümumiyyətlə hərtərəfli inkişafında valideynlərin (ailənin) rolu çox vacibdir. Uşaqlar hər gün valideyn qayğısı ilə əhatə olunmalı, valideynləri ilə ünsiyyətdə olmalı, valideynlər isə uşaqların tərbiyəsində iştirak etməldirlər. Valideynlərin uşaqlara münasibətdə bərabər hüquqlara malik olması Ailə Məcəlləsinin 56.1-ci maddəsində də açıq şəkildə göstərilmişdir. Nikahın pozulması ilə ailənin dağılması nəticəsində valideynlərin bir-birlərinə olan aqressivlikdən yaranan qisasçılıq münasibətlərinin mövcudluğu uşaqları valideyn qayğısından kənarda saxlanılması, uşağın valideynlə ünsiyyətinin qasrşısının alınmaması ilə nəticələnməməli, valideynlə uşağın ünsiyyətinin təmin edilməsinə yönələn məhkəmə qərarının icrasına maneə yaratmamalıdır. Şərh edilənlərdən də görünür ki, borclu tərəfindən bir neçə dəfə uşaqla ünsiyyətə maneələr yaratmış, məhkəmə qərarı ilə müəyyən edilmiş günlər uşaqla ünsiyyətə şərait yaratmamış, bəzən isə ünsiyyət üçün əvvəlcədən razılaşdırılmamış yerə getməklə (özünün bildirdiyinə görə) faktiki olaraq ünsiyyətin baş tutmamasında maraqlı olmuşdur. Odur ki, təqdimat təmin edilməli və Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində müəyyən edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ özlüyündə şəxsin iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət etməsindən başlayaraq iş üzrə çıxarılmış yekun məhkəmə qərarının icra olunaraq yekunlaşmasınadək olan mərhələni əhatə edir. Buna görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi hesab olunur. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsi də imperativ qaydada nəzərdə tutur ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-610/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-610/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver