Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-619/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019cu il tarixli icra sənədi üzrə Xətai Rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X2 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə Xətai Rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qərar qəbul olunmuşdur. Həmin qərarda, icra məmuru Vüsal Umarov icraatında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə, borclu qismində olan "xxxx" MTK-nı, X11 ilə əvəzləmişdir. Qeyd olunan qərara gələrkən, icra məmuru, göstərilən "xxxx" MTK ilə "xxxx" MMC arasında olan 28 avqust 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Belə ki, qeyd olunan qərarları qəbul edərkən, icra məmuru Vüsal Umarov, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 31-ci və 85-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 31-ci maddəsinə nəzər saldıqda, görünür ki, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Qanun mənasında nəzərdə tutulmuş, tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) hissəsi, həmin tələblərin, təsdiq olunmuş faktı və yaxud da qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduqda, icra məmuruna qeyd olunan qanun normasını tətbiq etməyə imkan verir. Belə ki, qeyd oluna icra vərəqəsi üzrə borclu hüquqi şəxs olduğu üçün, misal olaraq, hüququ şəxsin yenidən təşkil olunması barədə, Ədliyyə Nazirliyinin reyestr məlumatı olduqda, tələbin güzəşt olunması barədə, müvafiq məhkəmənin qərarı olduqda, borcun köçürülməsi barədə icra qeydi və yaxud da müvafiq məhkəmnin qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi olduqda. Lakin icra məmuru Vüsal Umarov "xxxx" MMC ilə "xxxx" MTK arasında olan müaqviləyə istinad edir ki, həmin müqavilədə, qeyd olunan və istinad olunan icra vərəqəsi üzrə borcun məhz, X11 tərəfindən icra olunması öhdəliyi yoxdur. Həmçinin bununla bağlı heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi yoxdur. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 85.2.7-ci bəndinə əsasən icra məmuru tərəfindən qəbul olunmuş qərarda, qərardan şikayət verilməsi qaydası və müddəti qeyd olunur. "İcra haqqında" Qanunun 26-cı maddəsində icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində nəzarətin həyata keçirilməli olduğu təsbit edilmişdir. Bu normaya uyğun olaraq məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasına nail olmaq üçün icra orqanı qismində çıxış edən hakim icra vərəqəsi verməklə işini bitmiş hesab etməməli, icra məmuru tərəfindən başlanılmış icra icraatının gedişini də nəzarətdə saxlamalıdır. Bunun üçün icra məmurundan görülmüş işlər barədə mütəmadi məlumatlar almalı, işin xüsusiyyətlərindən çıxış etməklə icranın təmin edilməsinə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, hazırda "xxxx" MMC-nin direktoru deyil. Qeyd olunan icra vərəqinin ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən ərizənin təmin edilməsini xahiş edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iş materiallarından görünür ki, bundan öncə eyni məzmunlu ərizə ilə "xxxx" MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 8(011)- 119/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 16 noyabr 2023-cü il tarixdə qəbul edilmiş "xxxx" MTK-nın X11 ilə əvəz edilməsi” barədə qərarların ləğv edilməsi qərara alınmışdır. Daha sonra həmin qərardaddan icra məmuru tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-124/2024 saylı 22 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, icra məmuru tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün “İcra haqqında” Qanunun 31-ci maddəsində nəzərdə tutulan 4 haldan ən azı biri baş verməlidir. Qərarların məzmunundan qismən də olsa bəlli olur ki, icra məmuru tərəflərdən birinin sıradan çıxması kimi borcun köçürülməsi halına istinad edərək qeyd olunan qərarları qəbul etmişdir. Digər əsasların isə hazırki işdə mövcud olması görünmür. İcra məmuru borcun köçürülməsinə əsas kimi "xxxx" MTK-nın təsisçisi, qanuni təmsilçisi X3 (auditor X4, eləcə də "xxxx" MTK-nın təsisçiləri-X12, X13 və tərcüməçi X7 iştirak etməklə) ilə "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləni əsas götürmüşdür. Ancaq qeyd olunan müqavilədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli və 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədləri üzrə olan borcun köçürülməsinə dair konkret və aydın şəkildə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Başqa sözlə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli və 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədləri üzrə borclu "xxxx" MTK-dan müvafiq olaraq 206500 ABŞ dolları və 95760 manat tutularaq tələbkar X5 ödənilməsi qərara alınıb. "xxxx" MMC-nin həmin müqavilədə qeyd olunan icra sənədləri üzrə olan borc məbləğini ödəməyi öhdəsinə götürməsinə dair hər hansı bir şərt nəzərdə tutulmayıb. Müqavilədə göstərilən şərtlər də icra məmurunu mübahisələndirilən qərarları qəbul etməyə məcbur etmirdi. Demək ki, icra məmurunun ilk növbəti vəzifəsi dövlətin adından çıxarılmış məhkəmə aktının icrasını təmin etməkdir, icra sənədinin icrasını təmin etməyə maneə yaradan qərarların qəbul edilməsi isə yolverilməzdir. İcra məmurunun bu cür, yəni tərəfi onun hüquq varisi ilə əvəz edilməsi haqqında qərarlar qəbul edərkən ən azından tələbkarın da məlumatı və razılığı olmalı idi. Lakin tələbkarın bu qərarlardan məlumatlı olması da işdən görünmür. Ona görə də icra sənədləri üzrə real borclu olan şəxsi, borcun həqiqətən köçürüldüyünü qəbul etməsini təsdiq etməyən başqa hüquqi varis ilə əvəz etməkdə icra məmuru haqlı olmamışdır. Nə qədər ki, yuxarı instansiya məhkəməsini mövqeyi onu özündə ehtiva edir ki, icra vərəqi üzrə "xxxx" MTK-nın X11 ilə əvəz edilməsi barədə icra məmurunun qərarı qanunsuzdur, odur ki, hazırkı ərizə təmin edilməlidir. Qeyd edilməlidir ki, nə qədər ki, müvafiq qüvvədə olan məhkəmə qərarlarına əsasən "xxxx" MTK-nın İnter MMC ilə əvəz edilməsi halı öz təsdiqini tapmamışdır, belə olan təqdirdə İnter MMC ilə əlaqədar X8 münasibətdə hər-hansı icra hərəkətlərinin aparılması qanuni hal kimi qiymətləndirilə bilməz. Belə olan halda X11 tərəfindən verilmiş hazırkı ərizə təmin edilməlidir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 16 noyabr 2023-cü il tarixdə qəbul edilmiş "xxxx" MTK-nın X11 ilə əvəz edilməsi” barədə qərar ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1 ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 16 noyabr 2023-cü il tarixdə qəbul edilmiş "xxxx" MTK-nın X11 ilə əvəz edilməsi” barədə qərar ləğv edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-619/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-619/2024
27.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver