Məhkəmə qərarları › İş №8(011)-628/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-628/2023

26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-628/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(012)-1144/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(012)-1144/2023 saylı qətnaməsi ilə cavabdehlər X6 və X4 müştərək qaydada xx.xx.2021-ci il tarixli 382 saylı kredit müqaviləsi üzrə 1.469,14 (min dörd yüz altmış doqquz manat on dörd qəpik) manat əsas, 114.5 (yüz on dörd manat əlli qəpik) manat faiz borcu olmaqla, ümumilikdə, cəmi 1.583,64 (min beş yüz səksən üç manat altmış dörd qəpik) manat borc və 35.84 (otuz beş manat səksən dörd qəpik) manat dövlət rüsumunun iddiaçı «X13»ın Bakı filialının xeyrinə tutulması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(012)-1144/2023 saylı qətnaməsi ilə qət edilmiş borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin yaxın X3 30 aprel 2021-ci il tarixli 382 saylı kredit müqaviləsinə əsasən, cavabdehdən illik 19% olmaqla 24 ay müddətinə 3.500 manat kredit götürmüşdür. Təminat kimi tələbkarla onun arasında 530 saylı zaminlik müqaviləsi imzalanmışdır. Krediti götürərkən ərizəçi Tofiq Bəhramov adına Respublika Stadionunda Mühafizə kameraları müdiri vəzifəsində çalışırdı. Aylıq əmək haqqısı 356 manat idi. Lakin 2022-ci ilin noyabr ayında səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən çıxmışdır. Hazırda da işsizdir. X3 da işsizdir. Abşeron Rayon Məhkəməsinin 16 mart 2023cü il tarixli e-2(012)-1144/2023 saylı qətnaməsinə əsasən cavabdeh olaraq ərizəçi və L.Abbasovadan müştərək qaydada 30 aprel 2021-ci il tarixli 382 saylı kredit müqaviləsi üzrə 1.469,14 manat əsas, 114.50 manat faiz borcu olmaqla ümumilikdə cəmi 1.583,64 manat borc və 35.84 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda ərizəçinin və Lətifə Abbasovanın işsiz olduğunu nəzərə alaraq borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X13 Bakı Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin rədd edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 hazırda işsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli e-2(012)-1144/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar