Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-629/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra sənədinin izah olunmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra vərəqəsində qeyd olunan tələbin icra olunması üçün “Bank of Baku“ ASC-yə göndərildiyi, bankın HD-184/2024 saylı, 31 may 2024-cü il tarixli cavab məktubuna əsasən tələbin tam aydın olmadığı səbəbindən və tələbin icra mexanizimin müəyyənləşdirilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 2(011)- 801/2024 saylı 23 yanvar 2024-cü il tarixli icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə hazırkı 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, Borclu 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Sözügedən icra sənədi 26 mart 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlanılaraq icra olunması üçün borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədində qeyd olunan tələb icra olunması üçün “Bank of Baku“ ASC-yə göndərilmiş, bankın HD-184/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən tələbin tam aydın olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, icra məmurunun icra vərəqəsinin izah edilməsinə dair ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcunun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 2.250 (iki min iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 41 (qırx bir) manat pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi, "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə hazırkı 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik üzərində Tələbkar ½ (ikidə bir) hissədə, Borclu ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi qət edilmişdir. İcra məmuru bank qarşısında icra edilməmiş öhdəlik üzərində payın müəyyən edilməsi hissəsində qətnamənin icrasında çətinliklər yarandığına istinad edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası İcra haqqında Qanunun 14-cü maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qətnamənin izah edilməsi onun real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmununun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamə göstərilən qaydada izah edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, sözügedən qətnamə ilə bağlı icra mərhələsində yaranan anlaşılmazlığın aradan qaldırılması zərurəti yarandığından, ərizə təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinə izah verilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Tələbkar 24 yanvar 2023-cü il tarixli CP/86963/89 saylı kredit müqaviləsi üzrə bank qarşısında 09 iyul 2024-cü il tarixinə 10.242,96 manat əsas, 106.80 manat faiz borcu mövcuddur. Eyni zamanda təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Tələbkar tərəfindən 13 fevral 2024-cü il tarixdə 500 manat, 11 mart 2024-cü il tarixdə 500 manat, 21 may 2024-cü il tarixdə 500 manat və 13 manat, 24 iyun 2024-cü il tarixdə 500 manat olmaqla, cəmi 2.013 manat ödəniş etmişdir. Nə qədər ki, məhkəmənin yuxarıda istinad olunan qətnaməsində 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik üzərində tərəflərin pay hüquqi müəyyən edilmişdir, məhkəmə hesab edir ki, 09 iyul 2024-cü il tarixinə olan borc məbləği ilə 23 yanvar 2024-cü il tarixdən bugünədək ödənilən məbləğləri toplamaqla bank qarşısında icra edilməmiş öhdəliklərin məbləğini müəyyən etmək mümkündür. Təqdim edilən hesabdan çıxarışdan müqavilə üzrə 11 yanvar 2024-cü il tarixdə 500 manat ödənildiyi görünsə də, məhkəmə öz qətnaməsində 23 yanvar 2024-cü il tarixə olan öhdəlik üzərində pay müəyyən etdiyindən, həmin tarixdən öncə edilən ödənişlər nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsində "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik dedikdə 10.242,96 + 106.80 + 500 + 500 + 500 + 13 + 500 = 12.362,76 manat nəzərdə tutulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-801/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: “İddia tələbi qismən təmin edilsin. Cavabdeh Borclu 2.250 (iki min iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 41 (qırx bir) manat pul tutularaq iddiaçı Tələbkar ödənilsin. "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə hazırkı 23 yanvar 2024-cü il tarixə icra edilməmiş 12.362,76 (on iki min üç yüz altmış iki manat yetmiş altı qəpik) manat öhdəlik üzərində Tələbkar ½ (ikidə bir) hissədə, Borclu ½ (ikidə bir) hissədə payı müəyyən edilsin. Ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin.” Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-629/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-629/2024
10.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver