Məhkəmə qərarları › İş №8(011)-636/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-636/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-636/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X1 icra qeydi üzrə icra hərəkətlərinin dayandırılması barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 07 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 07 dekabr 2022-ci il tarixli, Sİ- 10775 saylı icra qeydi üzrə icra hərəkətlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər 29 saylı notariat ofisinin xüsusi notatiusu X6 tərəfindən aparılmış 07 dekabr 2022-ci il tarixli icra qeydi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən icra hərəkətləri davam etdirilməkdədir. Həmin icra qeydinin ləğv edilməsi ilə bağlı ərizəçi tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və həmin iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minməmişdir. Belə ki, həmin icra qeydinin ləğv edilməsi ilə bağlı mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılır. Ona görə də ərizəçi icra hərəkətlərinin dayandırılması ilə bağlı Kəmalə Həsənovaya müraciət etsə də icra hərəkətləri davam etdirilir. Hesab edir ki, icra qeydinin ləğv edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsi üzrə icraat yekunlaşana kimi icra hərəkətləri davam etdirilə bilməz. Həmçinin bildirir ki, icra qeydinin izah edilməsi ilə bağlı icra sənədini vermiş 29 saylı notariat ofisinə də ərizə verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X4 cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri 29 saylı Notariat Kontoruna qarşı “notariat hərəkətlərinin mübahisələndirilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(011)-2557/2023 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X7 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2557/2023 saylı 24 iyun 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2557/2023 saylı 08 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə və Bakı şəhəri 29 saylı Notariat Kontoruna qarşı “notariat hərəkətlərinin mübahisələndirilməsi və icra qeydinin ləğv edilməsi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2557/2023 saylı 24 iyun 2023-cü il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 ərizəsinin rədd edilməsi, şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi qeyd etsə belə ki, icra qeydinin ləğv edilməsi ilə bağlı mülki işə Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılır, ərizəçi tərəfindən bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən qeyd edilən halın mövcudluğu da aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi dayandırılır. Qeyd edilən Qanunun 21.1 və 21.2-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən hesab edir ki, X2 ərizəsində icra qeydinin ləğvi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında onun müraciətinə baxıldığını iddia etsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 2(011)-2557/2023 saylı qərardadı ilə ərizəçinin “notariat hərəkətlərinin mübahisələndirilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. O cümlədən, borclunun xahiş etdiyi kimi icra qeydi üzrə icraatın dayandırılması üçün məhkəmə araşdırılması zamanı heç bir əsas müəyyən edilməmişdir. Odur ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : X1 Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 07 dekabr 2022-ci il tarixli, Sİ-10775 saylı icra qeydi üzrə icra hərəkətlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar