Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-656/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi-X1 iştirakı ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hər ay 100 manat olmaqla hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Ruslan Bəşirov ərizəsini müdaifə edərək izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 4444/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3, yəni ondan birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü məqsədilə pulun tutulması qərara alınmışdır. Onun tərəfindən iki uşağın saxlanılması üçün aylıq əmək haqqının bir hissəsi tutulur və yenidən ailə qurduğu üçün qeyd olunan xərclər dolanışığının çətinləşməsinə səbəb olmuşdur. Hər ay 100 manat ödəmək imkanı var, gücü ancaq bu məbləğə çatır. Tələbkar ərizəyə dair etiraz təqdim edərək bildirmişdir ki, X1 əvvəldən məqsədi məni iki zayaşlı uşaqla evdən qovmaq, birga nigah dövründə alınan əmlakdan mənə heçnə verməmək olmuş və o, bunun üçün o, özünün və rusiyada Polis Rəisi işləmiş atasının dost və tanışlarından istifadə edərək, 3 il məhkəmə mübahisələri aparmış, 15 il birlikdə yaşadığımız evi 150000 manata satmış,nigh dövründə 32.000 manata aldığımız avtomobili mənə az pul çatsın deyə, bir il əvvəl 32000 manata satdığı avtomobili, məhkəmə geri qaytarandan sonra, 20000 manata satmış /sənətdə belə göstəriblər/ satmış, iş yerində yüksək əmək haqqı alır və eyni zamanda əlavə gəliridə var.Bunu birlikdə yaşadığımız dövrdən bilirəm. Bilirəm ki, onun çox böyük maddi imkanı var. O, ancaq Məni evdən qovacağı və mənə bir manatda verməyəcəyi barədə məni dəfələrlə hədələdiyinə görə bunları edir. X2 guya bilmir ki, Məhkəmə qətnməsi ilə kəsilmiş 10000 manatın hamsını bir dəfəyə qaytarmağa borcludur? 10000 manatı Ruslanın ağlınca ayda 100 manat qaytarmalı olsa, deməli məhkəmə qətnaməsinin icrasına 100 ay vaxt lazımdır ki, buda tam 8 il 4 ay edir. Mən yetginlik yaşına çatmayan iki qız uşağı ilə kiryǝ mənzildə qalıram. İşləsəm də, aldığım əmək haqqı aylı mənzil kirayə haqqına çatmır. X1 maddi imkansızlığı barədə olan nağıllarına inanmayın. Bəşirov Ruslan nağıl danışmağı xoşlayır, amma nağılı kimə danışa bilər - onu bilmir. İcra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə, tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməməyi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4444/2023 saylı, xx.xx.2023-cü i tarixli Qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Hyundai” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 20000 (iyirmi min) manatın ½ hissəsini təşkil edən 10000 (on min) manat cavabdeh X3 alınaraq iddiaçı X5 ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavadeh X3 alınaraq iddiaçı X5 ödənilməsi, 70 (yetmiş) manat dövlət rüsumu cavabdeh X3 alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6877/2023 saylı xx.xx.2023-cü il tarixli qtnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1319/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, X2 "xxxx" ASC-də bölmə rəhbəri vəzifəsində işləməklə əmək haqqı 1500 manatdır, onun adına Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 3, 65 saylı mənzil və “HYUNDAİ AZERA MİNİK” markalı 90HS414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü yaranmış əlverişsiz hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “tərəfindən iki uşağın saxlanılması üçün aylıq əmək haqqının bir hissəsi tutulur və yenidən ailə qurduğu üçün qeyd olunan xərclər dolanışığının çətinləşməsi” kimi dəlilləri bu məqsədlə kifayət olmamaqla bərabər, qətnamənin hissə-hissə icra edilməsi üçün də əsas deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, ərizəçi işləməklə əmək haqqı 1500 manat təşkil edir və adına qeydiyyata alınmış bir daşınar və bir daşınmaz əmlak vardır. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4444/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən məbləğdə (100 manat) hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət (100 ay) vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən hazırkı ərizə məhkəmə tərəfindən təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “borcun hissə-hissə ödənilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-656/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-656/2024
09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver