Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-668/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-105/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə hər ay 500 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)-105/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan Tələbkar xeyrinə 18581 manat, cərimə borcuna görə 500 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pul tutulması qət olunmuşdur. Qətnamə qanunu qüvvəsini almış və aidiyyəti üzrə icra olunması üçün şöbəsinə göndərilmişdir. Hazırda işsizdir, himayəsində həyat yoldaşı və iki az yaşlı uşağı var. Atası ikinci qrup əlildir. Özü hazırda hepatit В xəstəsidir. Sağlamlığı ilə bağlı xərclərini ödəyə bilmir. Borclu məhkəmə baxışı zamanı ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həm özünün, həm də həyat yoldaşının hepatit B xəstəliyindən əziyyət çəkməsi və buna görə müalicələrinə xeyli xərci çıxması səbəbindən borcu birdəfəlik ödəməyə imkanı çatmır. Tələbkara borcun hissə-hissə ödənilməsi barədə təkliflər göndərmiş, əvvəl razılıq bildirsə də, sonradan fikrindən daşınmışdır. Tələbkar məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək bildirdi ki, onun da himayəsində azyaşlı uşaq var və beyin xərçəngi xəstəliyindən əziyyət çəkir. Onun da hal-hazırda pula ehtiyacı var ki, mənzilini təmir etdirsin. Borclunun evini təmir etməməsinə görə kirayədə yaşayır. Qətnamə qəbul edlkdikdən sonra borclu tərəfindən heç bir ödəniş olmamış, borcun hissə-hissə ödənilməsi ilə bağlı ona müraciət edilməmişdir. Onun özünün dizayn şirkəti var, pulu özü ödəmir, vaxtı uzadır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissəhissə icra etmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2022 saylı, xx.xx.2022ci tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər bir tərəfdən, işdən görünür ki, mübahisə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə çıxarılsa da, ötən 1 il 7 ay müddətində borclu tərəfindən heç bir ödəniş aparılmamış, borcun hissə-hissə dönilməsi ilə bağlı tələbkarla da heç bir razılıq əldə edilməmişdır. Məhkəmə borclunun himayəsində azyaşlı övladının olmasını və özünün Hepatit B xəstəliyindən əziyyət çəkməsi səbəbindən borcu bir dəfəyə ödəyə bilməməsi barədə dəlili ilə bağlı bildirir ki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) ən mühüm elementlərindən biridir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı əhəmiyyətsiz və məhkəmə müdafiə hüququnu xəyali hüquqa çevirə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da qeyd edilmişdir ki, konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, borcu bir dəfəyə ödəməyə imkanı olmadığı halda, borclunun qətnamə qəbul edildikdən dərhal sonra da tələbkarla qətnamənin icra qaydasını öz aralarında razılaşdıra bilərdi ki, bu da qətnamənin uzun müddətə tam icrasız qalmasını aradan qaldıra bilərdi. Lakin məhkəmə araşdırması zamanı tərəflərin də izahatlarından məlum oldu ki, borclu qətnamənin qəbul edilməsindən uzun müddət keçsə də, tələbkarla belə bir razılaşmanın olmasına şəxsən cəhd belə etməmiş, qəbul edilməsindən 1 ildən artıq müddət keçdikdən sonra qətnamənin hissə-hissə icrası barədə məhkəməyə müraciət etmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclunun xəstə olması (hakbu ki, tələbkar da beyin xərçəngi xəstəliyindən əziyyət çəkdiyini bildirir) və himayəsində azyaşlı övladının olması onun, hüququndan siu-istifadə etməsi ilə nəticələnə bilməz. Borclunun hər ay 500 manat olmaqla, hissə-hissə icra etməsi qətnamənin 39 ay müddətinə tam icra olunması deməkdir ki, məhkəmə hesab edir ki, bu tələbkarın məhkəmə müdafiə hüququnun əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-668/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-668/2023
14.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver