Məhkəmə qərarları › İş №8(011)-674/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-674/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-674/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, X1 borclu Maraqlı şəxs qarşı alimentin artırılması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim: X2 borclu Maraqlı şəxs qarşı xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək 200 manat pulun və uşağın müalicəsi üçün 300 manat maddi yardımın maraqlı şəxsdən tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Ərizənin məzmunundan görünür ki, X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7529/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək 200 manat pulun və uşağın müalicəsi üçün 300 manat maddi yardımın maraqlı şəxsdən tutulması tələbi barədə ərizə ilə müraciət etmişdir. Ərizəçinin tələbi indeksasiya xarakteri daşımamaqla, uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun qaldırılması və uşağın səhhəti ilə bağlı əlavə xərclərin yaranması zərurətinə əsaslanır. Bunlar isə alimentin miqdarının dəyişdirilməsi üçün müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu cür tələblərə isə icra icraatı qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıda istinad edilən müddəanın tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra icraatı qaydasında müraciət edilmiş ərizələrin geri qaytarılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində tənzimlənmədiyindən, hazırkı mülki iş üzrə analogiya üzrə iddia ərizəsinin geri qaytarılması qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, . iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı aşağıdakılar göstərilməlidir: Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: X1 xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək 200 manat pulun və uşağın müalicəsi üçün 300 manat maddi yardımın maraqlı şəxsdən tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar