Məhkəmə qərarları › İş №8(011)-706/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-706/2022

03.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-706/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramov Nərmin Nizami qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2731/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci ildə anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, X3, mənzil 4 ünvanında qeydiyyatda olan Borclu hər ay ümumilikdə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üşün 386 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2731/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu hər ay ümumilikdə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üşün 386 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2731/2022- 006 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixdə icra məmuru Tural Rəhimov icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbkar ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə müraciət edərək borclunun 2316 manat məbləğində aliment borcunun yarandığını bildirmiş və alimentin ödənilməsi üçün borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması, axtarışa verilməsi, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsini xahiş etmişdir. Təqdimata icra məmurunun icraata başlamaq haqqında qərarının borcluya göndərildiyinə dair hər hansı sübut və tələbin könüllü icrası haqqında bildiriş əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişlər. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlarıəsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Bununla belə, bu tədbirin qanunvericilik qaydasında nizamlanması şikayətdə qeyd edildiyi kimi, mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır. İcra üzrə icraatda mütənasiblik prinsipinin tətbiq edilməsi həmçinin "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – "İnzibati icraat haqqında" Qanun) 17-ci maddəsi ilə tələb olunur və “İcra haqqında” Qanunun 1-1-ci maddəsində öz əksini tapmış ədalətlilik prinsipindən irəli gəlir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına istinadən qeyd edir ki, icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci tarixli qərara istinadən qeyd edir ki, qanunverici mütənasiblik prinsipinin tələblərini nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydasını kifayət qədər aydın müəyyən etmişdir. Belə məhdudlaşdırmanın tətbiqi və götürülməsi ilə bağlı qaydalar Təlimatda daha müfəssəl əks olunmuşdur. “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Avropa Məhkəməsinin (Riener Bolqarıstana qarşı iş üzrə 23 may 2006-cı il tarixli Qərarı, § 122-123) və xarici konstitusiya məhkəmə orqanının (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 3 iyul 2014-cü il tarixli 1561-О saylı qərardadının 2.2-ci bəndi) təcrübəsində də analoji mövqelərə rast gəlinir. Bununla yanaşı nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında müəyyən edilmişdir ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmə qeyd edir ki, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu, o cümlədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi baxımından əsaslandırmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Borclu Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsində nəzərdə tutulmuş konstitusion hüququ olan ölkədən getmək hüququnun məhdudlaşdırılması, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunan mütənasiblik prinsipinə uyğun olmadığından, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi baxımından məqbul deyildir. Odur ki, təqdimat əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar