Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-728/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 23 may 2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1692/2022-003 nömrəli, 10 mart 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2.266,57 manat məbləğində pul vəsaiti və 42.67 manat dövlət rüsumu tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 23 may 2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədi üzrə borclunun 17 iyul 2024-cü il tarixli izahatı iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1692/2022 nömrəli, 10 mart 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 2.266,57 manat məbləğində pul vəsaitinin və 42.67 manat dövlət rüsumunun tutularaq tələbkar “X1” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 23 may 2022-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra vərəqində qeyd olunan ünvanına göndərilmişdir. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğulara əsasən borclunun mülkiyyətində hər hansı əmlakın və gəlirinin olmadığı müəyyən edilmişdir. 01 fevral 2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun yaşayış yerinin və ya tələbin yönəldilə biləcəyi əmlakın olmaması barədə akt tərtib edilmişdir. Həmin tarixdə icra məmuru tərəfindən borclunun axtarışı barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. 17 iyul 2024-cü il tarixdə borclu icra şöbəsinə təqdim edilmiş və sonuncunun izahatı alınmışdır. Məhkəmə işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-728/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-728/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver