Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-750/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Tələbkar qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 246 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır. Tərəflərin mövqeləri: Tələbkar məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, qətnamə əsasında təyin edilmiş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-cü il tarixdə verilmiş 726840 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Borclu, anası Tələbkardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu ilə Tələbkar arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X1 anası Tələbkar yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək Borclu hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. Beləliklə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosesessual Məcəlləsinin 232ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının, yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləği konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən alimentin məbləği 220 manat həddində müəyyən edilmişdir. Həmin dövrdə, yəni 2023-ci ildə isə minimum əmək haqqı məbləği 345 manat həcmində müəyyən edilmişdir. Ona görə alimentin indeksasiyası həmin məbləğlərin nisbətinə uyğun hesablanmalıdır. Qeyd olunanlara əsasən aliment aşağıdakı qaydada indeksasiya ediləcəkdir: 220 manat (son qətnamə ilə tutulan alimentin məbləği) : (bölünsün) 345 manat (2023-cü il üçün minimum əmək haqqı məbləği) = 0,63 (indeksasiya həddi). Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş 220 manat məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,63 misli həddində indeksasiya edilsin. Alimentin indeksasiyası xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №8(011)-750/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-750/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver