Məhkəmə qərarları › İş №8(011)-754/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-754/2024

22.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-754/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2021-ci il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5925/2020-012 nömrəli, 18 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Borclu birgə nikah dövründə əldə edilmiş “Mercedes 313 CDİ MİKROA” markalı, **-JR-*** nömrə nişanlı, “X2 Prado” markalı, **-NB- *** nömrə nişanlı, “Hyundai Н1” markalı, **-LK-*** nömrə nişanlı avtomobillərin satışından əldə edilmiş cəmi 110.500 manat məbləğində pulun 1/2 hissəsi, yəni 55.250 manat məbləğində pul və Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, 54 saylı evin 36 saylı mənzili üçün ödənilmiş 60.630,25 manat pulun 1/2 hissəsi, yəni 30.315,12 manat məbləğində pul Borclu alınıb Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 01 sentyabr 2021-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, borclunun adına əmlak aşkar edilsədə həmin əmlakın ipoteka predmeti olduğu müəyyən edilmişdir. İcra tədbiri zamanı borclunun iş yeri müəyyən edildiyindən tədbirlərin davam etdirilməsi üçün icra sənədi əmək haqqına yönəldilmiş, tutulmalar borclunun işdən azad edildiyi may ayınadək davam etdirilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sərədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədi üzrə Borclu 53.498 manat borcu qalmaqdadır. Bu barədə Tələbkar 31 iyul 2024-cü il tarixli ərizəsi iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında borclu təqdimata etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirmişdir ki, borcdan ödənişlər edir və tələbin icrasından boyun qaçırmır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş təqdimatın materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 01 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)- 5925/2020-012 nömrəli, 18 noyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra vərəqində qeyd olunan ünvanına göndərilmişdir. 16 sentyabr 2021-ci il tarixdə icra məmuru tərəfindən borclunun izahatı alınmışdır. İcra məmuru tərəfindən verilmiş sorğuya əsasən borclunun rəsmi iş yeri və gəlirinin olduğu müəyyən edilmiş, tələbin borclunun əmək haqqısına yönəldilməsi barədə 27 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 3(011)-4181/2021 saylı qərarı ilə Əzizov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında borclu qəbz təqdim edərək 500 manat ödəniş etdiyini bildirmişdir. Göründüyü kimi borclu məhkəmə qərarının icrasından yayınmamaqla tələb edilən pulu ödəməklə bağlı müəyyən hərəkətlər edir. Odur ki, hazırkı mərhələdə təqdimat təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar