Məhkəmə qərarları › İş №8(011)-763/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-763/2023

02.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-763/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5963/2021-003 nömrəli, 20 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 624 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2021-003 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 654.83 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olduğu tarixdən qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5963/2021-003 nömrəli, 20 avqust 2021-ci il tarixli icra sənədi üzrə cəmi 100 manat ödəniş edilmiş, digər icra sənədi üzrə ödənişdən edilməmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5963/2021-003 nömrəli, 20 avqust 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 28 mart 2023-cü il tarixdə qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən həmçinin 02 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7139/2021-003 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 28 mart 2023-cü il tarixdə qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 29 sentyabr 2023-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5963/2021-003 nömrəli, 20 avqust 2021-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7139/2021-003 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədləri birləşdirilmiş və işin icrası icra məmuru Kəmalə Həsənovaya həvalə edilmişdir. Daha sonra borclu icra şöbəsinə dəvət edilmiş, sonuncunun izahatı alınmışdır. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, borclu "xxxx" MMC-də xəzinədar vəzifəsində çalışır və 500 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, borclunun rəsmi iş yerinin olmasına və aylıq əmək haqqı almasına baxmayaraq icra məmuru tələbi borclunun əmək haqqına yönəltmək əvəzinə, məcburi icra tədbirlərinin sonuncusu olan şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru borclu barəsində görülməli olan məcburi tədbirlərin ardıcıllığına riayət etmədiyindən hazırkı mərhələdə təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova icra sənədinin icrası başa çatdırılana kimi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar