Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-765/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın “avtomobilin üzərinə həbs qoyulması” barədə təqdimatı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus “Renault Logan” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2924/2022 saylı, 12 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 754.50 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 14 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Renault Logan” minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə ödənilməmiş borc 784.50 manat təşkil edir. Həmçinin ümumi məbləğin 7 faizi icra ödənişi ödənilməlidir. Tələbkar MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təqdimata onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş digər şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2924/2022 saylı, 12 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 754.50 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin əsas elementlərindən biri də odur ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək müəyyən edir ki, hazırkı iş üzrə Borclu ümumi borcunun 784.50 manat olmasına baxmayaraq hazırkı təqdimatla borcluya məxsus daşınar əmlakın üzərinə həbs qoyulması mütənasiblik prinsipini pozur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə borclunun əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasına şərait yaratmaqdan daha çox borclunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, mövcud təqdimat təmin edilə bilməz. Buna görə də təqdimat rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın “avtomobilin üzərinə həbs qoyulması” barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-765/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-765/2022
19.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver