Məhkəmə qərarları › İş №8(011)-766/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-766/2023

02.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-766/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 13 fevral 2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6487/2022-007 nömrəli, 06 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən 01 avqust 1980-ci ildə anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52 ünvanında qeydiyyatda olan Borclu vurulmuş maddi zərərin əvəzi kimi 1.100 (bir min yüz) manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 13 fevral 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. 11 sentyabr 2023-cü il tarixdə Borclu axtarışla şöbəyə təhvil verilmiş, tələbkara qarşı hər hansı öhdəliyi olmadığını, məhkəmə qərarından məlumatı olmadığını, ödəniş etməyəcəyini və yuxarı instansiya məhkəməsinə şikayət edəcəyini bildirmişdir. 11 sentyabr 2023-cü il tarixdə qərar və bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış, borclunun bugünə olan borcu 1.100 manat təşkil edir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən 13 fevral 2023cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6487/2022-007 nömrəli, 06 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 11 sentyabr 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş və icra sənədinin surəti rəsmi qaydada Borclu təqdim edilmişdir. Borclu icra şöbəsinə dəvət edilmiş, 11 sentyabr və 27 sentyabr 2023-cü il tarixlərində onun izahatı alınmış, sonuncu izahatında borcu özünün ödəməli olmadığını, məhkəmə qərarında şikayət verəcəyini bildirmişdir. Borclunun mülkiyyətində hər hansı əmlakın olub-olmaması ilə bağlı sorğular verilmiş, onun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qətnamənin icrası üçün görülmüş bütün tədbirlər nəticə etibarilə səmərə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmaması, borclunun isə ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. 01 avqust 1980-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar