Məhkəmə qərarları › İş №8(011)-771/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-771/2022

27.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-771/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İcra məmuru Mehdi Zeynalovun iştirakı ilə X1 borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X2 şikayət ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra şöbəsinin X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Borclu dəfələrlə icra işi ilə əlaqədar icra şöbəsində uşaqla olmuşdur. İcra məmurunun dəfələrlə uşaqla söhbəti atası ilə görüşməsi ilə əlaqədar nəticə verməmişdir. Uşaq ağlayır və atası ilə görüşmək niyyətində deyildir. İcra şöbəsində onun uşağına təzyiqlər göstərirlər. Nəticədə uşağın psixologiyası pozulur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 8(011)-771/2022 saylı qərardadı ilə X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. X2 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 8(011)-771/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, borclunun verdiyi şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 8(103)- 286/2022 saylı qərardadı ilə borclunun şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-771/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında icra məmuru Mehdi Zeynalov ərizənin rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, X2na dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, uşağı icra şöbəsinə gətirməkdən boyun qaçırmışdır. İşdə iştirak edən şəxslər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Məhkəmə icra işinin materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(011)- 1335/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, X2na tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş üzrə Tələbkar ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, borclunun icra sənədinin icrasından qəsdən yayındığını bildirmiş, borclu barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. 04 iyul 2022-ci il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. X2 06 iyul 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinin icrasının mümkün olmadığı üçün məhkəməyə qaytarılmasını xahiş etmişdir. Xətai rayon İcra şöbəsi tərəfindən 08 iyul 2022-ci il tarixdə borcluya cavab məktubu göndərilmiş, məktubda borclunun ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasının qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilmişdir. Həmin tarixdə icra məmuru tərəfindən borclunun ünvanında xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, X2 19 iyul 2022-ci il tarixdə xəbərnaməyə imza etməklə rəsmi qaydada xəbərdarlıq məktubunu əldə etmişdir. 15 iyul 2022-ci il tarixdə X2 ərizə ilə Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalova müraciət edərək, icra şöbəsi tərəfindən ona whatsapp proqramı vasitəsilə göndərilmiş xəbərdarlıq məktubunu geri qaytardığını bildirmişdir. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, borclu şikayətində 15 iyul 2022-ci il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Lakin icra işinin materiallarında 15 iyul 2022-ci il tarixli məcburi gətirilmə ilə bağlı qərar mövcud deyildir. Yuxarıda göründüyü kimi məcburi gətirilmə ilə bağlı qərarı icra məmuru 04 iyul 2022-ci il tarixdə qəbul etmiş, 15 iyul 2022-ci il tarixdə isə məcburi gətirilmə ilə bağlı təqdimatı məhkəməyə göndərmişdir. Odur ki, icra işinin materiallarında istinad edilən 15 iyul tarixli məcburi gətirilmə ilə bağlı qərar olmadığından borclunun şikayəti təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X1 borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayət ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar