Məhkəmə qərarları › İş №8(011)-775/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-775/2025

12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-775/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən başqa digər şəxslərin də mənzildən çıxarılmalı olduğu, mənzilin boşaldılaraq ona təhvil verilməli olduğu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6447/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6447/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu1, Borclu2, Borclu3 Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin 28 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. (hakim Sahibə Hacıyeva) qətnaməyə əsasən verilmiş icra sənədi Xətai rayon İcra Şöbəsinin icraatındadır. Cavabdehlər mənzilindən könüllü çıxmırlar, yaxın qohumlarını da mənzilinə buraxırlar. Qətnamədə cavabdehlərdən başqa digər şəxslərin də mənzildən çıxarılmalı olduğu, mənzilin boşaldılaraq ona təhvil verilməli olduğu göstərilmədiyindən qətnamənin icrası çətinlik törədir, bununla əlaqədar qətnamənin izah edilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu1, Borclu2, Borclu3 Bakı şəhəri, Xətai Rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2930, 70 saylı evin, 28 nömrəli mənzilindən çıxarılmaları qət olunmuşdur. Ərizəçi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, borclular və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar