Məhkəmə qərarları › İş №8(011)-776/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-776/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-776/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, X1 “icra məmurunun hərəkətsizliyi” barədə şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: X2 “icra məmurunun hərəkətsizliyi” barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, X1 şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, şikayət “icra məmurunun hərəkətsizliyi” barədə olmaqla, şikayətin verildiyi kimi “Bakı Apellyasiya Məhkəməsi” göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı şikayət, ərizənin formasının MPM-də nəzərdə tutulmuş qaydasına uyğun verilmədiyinə görə geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.1-ci maddəsinə əsasən, ərizənin verildiyi məhkəmənin adı iddia ərizəsində göstərilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin “müvafiq məhkəmə” deyildikdə hansı məhkəmənin nəzərdə tutulduğu açıqlanmayıb. “Müvafiq məhkəmə” deyildikdə icra sənədini hansı növ məhkəmə (ümumi, kommersiya və inzibati məhkəmə) veribsə, icra məmurunun olduğu yer üzrə həmin növ üzrə birinci instansiya məhkəməsi nəzərdə tutulur. İcra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətin icra məmurunun olduğu yerin məhkəməsinə verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində müəyyən edilib. Bu maddədəki “hərəkət” ifadəsi “qərarı” da əhatə edir. Maddədəki “inzibati” ifadəsi əhəmiyyətini itirsə də, maddənin qalan hissəsi (icra məmurunun olduğu yerin məhkəməsi) öz əhəmiyyətini saxlayır. “İcra haqqında” Qanunun 26-cı maddəsində qeyd olunub: “İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət ... məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. Bu maddədə “məhkəmə” deyiləndə yalnız “icra sənədini vermiş məhkəmə” və ya “işə baxmış məhkəmə” deyil, bütünlükdə məhkəmə sistemi nəzərdə tutulur. İcra sənədinin hansı məhkəmə orqanının verməsindən və ya işə hansı məhkəmə orqanının baxmasından asılı olmayaraq AR-nın məhkəmə sisteminə daxil olan məhkəmə orqanları icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyəti (ərazi, növ və instansiya üzrə səlahiyyəti) daxilində nəzarəti həyata keçirməlidir. Çünki məhkəmə orqanı qərarı öz adından deyil, AR adından qəbul edir. Bu zaman “nəzarət” deyiləndə tabeçilik nəzarəti deyil, icra sənədinin icrası ilə əlaqədar qanunda məhkəmələr üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. “Nəzarət” anlayışının yalnız “icra sənədini vermiş məhkəmə” və ya “işə baxmış məhkəmə” ilə əlaqələndirilməsi nəzarətin özünün məhdudlaşdırılması ilə nəticələnə bilər. Çünki icra sənədi ölkənin müxtəlif yerlərində icra oluna bilər: borclunun yaşayış yerində, onun iş yerində, onun əmlakının olduğu yerdə (“İcra haqqında” Qanun, maddə 10). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “icra məmurunun hərəkətsizliyi” barədə şikayəti geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar