Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-803/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, X5, Tələbkarın nümayəndəsi X6 iştirakı ilə, X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 ərizə ilə müraciət edərək e-2(011)-800/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, e-2(011)- 800/2023 saylı iş üzrə ərizəçiyə e226967/2024-l-42-19 saylı icra bildirişi təqdim edilib. Tələbin hissə-hissə yerinə yetirilməsinə şərait yaradıb, qərar verilməsini xahiş edir. İcranın mərhələlərlə yerinə yetirilməsini xahiş etməyi onunla bağlıdır ki, həyat yoldaşı X1 ilə əlaqədar maddi durumlarında çətinliklər baş verib. O, son illər bir neçə çətin, onkoloji cərrahi əməliyyatlar keçirib, nəticəsi də o olub ki, əlilliyi olan şəxs kimi qeydə alınıb. Hal-hazırda AR Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Onun himayədarı olduğuna görə, dövlət tərəfindən ayrılmış 100 manat vəsait onun pensiyasına mədaxil olunur. Onun tibbii əməliyyatları, müayinə və dərman vasitələri, terapiyaları, çoxlu vəsait tələb etdiyindən, həm də daimi həkim nəzarəti və müayinələr tələb olduğundan, ailəvi ailə büdcələrində və maddi durumlarında çətinliklər yaranıb. Sonuncu cərrahi əməliyyatını, Azərbaycanda etmək mümkün olmadığından, Türkiyəyə gedib orada etdirdi. Ola bilər ki, istənilən vaxt onlar, onun sağlamlığı ilə bağlı Türkiyəyə getməli olsunlar. Nəzərə alınsa ki, əmək pensiyası alır, deməli ödəmə mənbəyi var, bu vəsaiti hissə-hissə iddiaçının hesab nömrəsinə ödəyə bilər. Ona görə bunları nəzərə alıb, ödəmənin hissə-hissə həyata keçirilməsinə qərar verilməsini xahiş edir. X5 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi X10 məhkəmə iclasında ərizəyə etiraz edərək rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə, buna dair müvafiq sübutu məhkəməyə təqdim etmədiyindən, X3 ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Bundan əlavə “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, borclunun mülkiyyətində daşınar və daşınmaz əmlaklar vardır. X4 3198 manat pulun alınaraq tələbkara ödənilməsi ilə bağlı qətnamənin hissə-hissə icra olunması tələbkarın hüquq və mənafelərininin, nəticədə məhkəmə müdafiəsi hüququnun əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər. Məhkəmə borclu tərəfindən onun həyat yoldaşının xəstəliyi ilə bağlı təqdim edilmiş sənədlərə münasibətdə qeyd edir ki, həmin sənədlər borclunun maddi vəziyyəti ilə bağlı sübut hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, X3 icra sənədinin hissə-hissə icrası ilə bağlı ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-803/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-803/2024
30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver