Məhkəmə qərarları › İş №8(011)-848/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-848/2023

28.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-848/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4983/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4983/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 406 (dörd yüz altı) manat pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir.

2. Daha sonra xx.xx.2023-cü il tarixdə borclu X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4983/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 406 (dörd yüz altı) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin xahişi:

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4983/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 406 (dörd yüz altı) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun Tələbkar MMC-yə hissə-hissə (50 manat) ödənilməsi barədə qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatı:

4. Ərizəçiyə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə ərizçənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Tələbkar ABC-Telecom MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını və qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq: 6.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

8. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 oktyabr 2005-ci il tarixli Qərarı

12. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər.

İşə baxan məhkəmənin mövqeyi:

9. Məhkəmə ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir.

10. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

11. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4983/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 tutulmuş 406 (dörd yüz altı) manat pul və 30 manat dövlət rüsumunun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Nəzərə alınmalıdır ki, qətnamə 25 sentyabr 2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Eyni zamanda tələbkar ABC-Telecom MMC məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, borcun hissə-hissə ödənilməsi ilə razı olmadığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 4983/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsi rədd edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar