Məhkəmə qərarları › İş №8(011)-854/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-854/2023

23.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-854/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.

2. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1343/2022 nömrəli icra sənədinə əsasən xx.xx.1993-cü il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay xx.xx.2021-ci il təvəllüdlü əkiz uşaqları X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə tutulmalıdır.

3. İcra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.

4. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, qərarların surətləri bildirişlərlə icra sənədləri üzrə Borclu göndərilmişdir. Lakin bu müddət əzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir.

5. Borclunun hazırki cəmi aliment borcu 1746 manat təşkil edir.

6. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunur.

Tərəflərin izahatı:

7. Borcluya, tələbkara və təqdimat vermiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda;

9. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasəının Konstitusiya Qanunu: 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi;

10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

11. İcra Haqqında Azərbaycan Respublikası Qanunu: 84-1.1. məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2013 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.3. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: 2.3.1. icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; 2.3.2. icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; 2.3.3. tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; 2.3.4. icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; 2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur

İşə baxan məhkəmənin mövqeyi:

13. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri, icra işini və təqdimat vermiş icra məmurunun ərizəsini araşdırıb hesab edir ki, təqdimat geri qaytarılmalıdır.

14. Belə ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilər.

15. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimat vermiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov məhkəmə baxış iclası keçirilənədək xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Borclu barəsində verilmiş “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş ödəniş qəbzlərinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə 1246 manat olmaqla təqdimatda qeyd edilən cəmi 1746 manat aliment ödənişini tam şəkildə icra etmişdir. Odur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır.

16. Məhkəmə hesad edir ki, məhkəmə qərarlarının icrasına nəzarətlə bağlı mövcud münasibətləri tənzimləyən prosessual qaydalar mülki prosessual qanunvericilik normalarında dəqiq nəzərdə tutulmadığından qanunun analogiyası tətbiq edilməli və iddia ərizəsinin qaytarılması barədə ərizənin verilməsini tənzimləyən Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən, təqdimat geri qaytarılmalıdır.

17. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini icra etməsi öz təsdiqini tapdığından və icra məmuru təqdimatın geri qaytarılmasını xahiş etdiyindən təqdimat geri qaytarılmalıdır.

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Təqdimat geri qaytarılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar